Üzən məzənnəyə keçid qaçılmazdır

Üzən məzənnəyə keçid qaçılmazdır

Ekspertlərin fikrincə, bu sistemə keçidi faciəyə çevirmək düzgün deyil

Azərbaycanda manatın bazardakı kursunu Mərkəzi Bank tənzimləyir. Fevral ayında baş verən devalvasiyadan sonra isə ekspertlər manatın kursunun Mərkəzi Bank deyil, bazar tərəfindən tənzimlənməsi üçün üzən məzənnəyə keçidin vacib olduğunu bildirirlər. Xatırladaq ki, elə Mərkəzi Bankın sədri Elman Rüstəmov da hələ aprel ayından üzən məzənnəyə keçid üçün hazırlıq aparıldığını bildirmişdi.

Hazırda Mərkəzi Bank manatın kursunu qoruyub-saxlamaq üçün öz valyuta ehtiyatlarından istifadə edir. Bu isə davamlı ola bilməz. Çünki bankın valyuta ehtiyatlarında ötən illə müqayisədə iki dəfə azalma var. Bu azalma daha çox devalvasiyadan sonra baş verib. Valyuta ehtiyatlarının getdikcə azalması isə üzən məzənnəyə keçidin qaçılmaz olduğunu göstərir. Bəs yaxın zamanda üzən məzənnəyə keçid gözləniləndirmi? Əgər bu baş verərsə, nələr dəyişəcək və banklara təsiri necə olacaq?

İqtisadçı alim Vüqar Bayramov qəzetimizə açıqlamasında bildirdi ki, üzən məzənnəyə keçmək mümkündür və bunu faciəyə çevirmək düzgün deyil: “Bu gün region ölkələrinin hamısında üzən valyuta siyasətindən istifadə olunur. Qonşu Gürcüstanda və iqtisadiyyatı Azərbaycanla müqayisədə zəif olan digər ölkələrdə belə üzən valyuta siyasəti tətbiq edilir. Bu heç də həmin ölkələrin milli valyutasının hər gün dəyərdən düşməsi anlamına gətirib çıxarmır”.

Uyğun vaxt seçilməlidir

V.Bayramov deyir ki, Azərbaycan üçün üzən valyuta rejiminə keçidin müəyyən spesifikası var. Bu isə enerji resursları ilə zəngin ölkə olmağımızla bağlıdır: “Uzun müddət neft ixracatından əldə edilən valyutanın həcminin yüksək olması Azərbaycanda tənzimlənən rejimin dominantlığına gətirib çıxarmışdı. Mərkəzi Bank vətəndaşlarımız üçün birbaşa kursu müəyyənləşdirirdi, xarici valyutaya tələbat çox aşağı idi. Amma artıq neftin dünya bazarındakı qiymətini nəzərə alsaq, buna postneft dövrü deyə bilərik. O baxımdan indiki məqamda Azərbaycanın üzən valyuta siyasətini tətbiq etməsi o deməkdir ki, bunun spesifik təsirləri olacaq. Amma eyni zamanda, bu, Rusiyada, Qazaxıstanda tətbiq olunur. Azərbaycanda da bu siyasətin tətbiq olunması mümkündür. Artıq proseslər də ondan xəbər verir ki, üzən valyutaya keçməyə ehtiyac var. Əks halda dövlətin qalan ehtiyatlarının əhəmiyyətli hissəsi bu istiqamətə yönəldiləcək”.
İqtisadçı deyir ki, üzən məzənnəyə keçid həm də xarici valyuta ehtiyatlarındakı azalmanın qarşısını ala bilər. Eyni zamanda, bu, valyutanın kursunun müəyyənləşməsində bazarın rolunu artıracaq. Digər fakt onunla bağlıdır ki, Azərbaycandan çıxarılan valyutanın həcmi daxil olandan çoxdur. Bu sistem orta rejimin tətbiqi üçün imkanlar yaradır.

V.Bayramovun sözlərinə görə, üzən valyuta rejiminə keçid üçün optimal vaxt seçilməlidir: “Çünki burada vaxt önəmlidir. Bizim valyuta sərvətimizdə ABŞ dollarının payı çoxdur. Buna görə də üzən valyuta rejiminə dolların dünya bazarında nisbətən zəifləməsinin müşahidə olunduğu dövrdə keçilməsinə ehtiyac var. Psixoloji faktorlar və xarici valyutalara tələbatı nəzərə almaqla üzən valyuta rejiminə keçidin vaxtı müəyyənləşməlidir. Eyni zamanda, artıq dollarlaşma prosesi başa çatdığı halda bu siyasət tətbiq edilə bilər. Çünki dollarlaşma prosesinin bitməsi praktiki olaraq xarici valyutalara tələbatın azalmasına ciddi şəkildə təsir göstərəcək”.

“Banklar üzən məzənnəyə keçidə hazır deyil”

V.Bayramov deyir ki, psixoloji olaraq biznes buna hazır deyil. Bu rejimə keçid prosesinə hazırlıq aparılmasına ehtiyac var: “MDB ölkələrinin təcrübəsi göstərir ki, üzən valyuta sisteminə keçid dövrü milli valyutanın kursunun aşağı düşməsinə gətirib çıxarır. Çünki artıq iqtisadi təzyiqlər deyil, psixoloji təsirlər olur. Psixoloji təsirlər isə yeni kursun müəyyənləşməsinə gətirib çıxarır. Üzən valyuta rejimi də tənzimlənən üzən olduğu üçün Mərkəzi Bank yenə də bazarda qalır, birbaşa olmasa da, dolayı yolla müdaxiləsini saxlayır ki, məzənnədə kəskin azalmalar olmasın. Amma sonrakı mərhələdə artıq məzənnə sabitləşir. Neftin dünya bazarında qiyməti, ölkənin idxal-ixracının həcmi, eləcə də qlobal valyuta bazarındakı dəyişikliklər nəzərə alınmaqla növbəti mərhələdə bazar tərəfindən milli valyutanın məzənnəsi müəyyənləşdirilir”.

İqtisadçı bildirdi ki, banklar üzən məzənnəyə keçidə hazır deyil. Amma devalvasiyadan sonra artıq müəyyən hazırlıqlar gedir: “Ümumiyyətlə, banklar dəyişməz məzənnə siyasətinə bir növ vərdiş etdikləri üçün hətta son devalvasiyaya belə hazır deyildilər. Amma devalvasiyadan sonra bankların valyuta risklərini nəzərə alması və risklərin minimumlaşdırması siyasəti müşahidə edilir. İlin əvvəli ilə müqayisədə təbii ki, valyuta risklərinin sığortalanması baxımından sektorda xeyli dəyişikliklərin olduğunu söyləmək mümkündür. Bütövlükdə bank sektorunun üzən valyuta rejiminə keçməyə hazır olmasını söyləmək mümkün deyil”.

V.Bayramov onu da qeyd etdi ki, üzən məzənnəyə 2016-cı ildə keçiləcəyi güman edilir. Bütün hallarda Mərkəzi Bank qərarverici orqandır və üzən məzənnəyə keçid də birbaşa onun qərarından asılı olacaq: “Valyuta ehtiyatlarının dəyişmə sürəti, dünya bazarında dolların məzənnəsi də yəqin ki, təsir göstərəcək. FED-in hansı qərar verməsi də üzən valyuta rejiminə nə vaxt keçilməsi ilə bağlı aparıcı şərt olacaq. Amma eyni zamanda, neftin dünya bazarında qiyməti də önəmlidir. Neftin dünya bazarında qiymətinin sabitləşməsinə ümid çox azdır. Əgər bu baş verərsə, üzən valyuta rejimi gündəmdən çıxa bilər. Çünki ölkəyə daxil olan valyutanın həcmində yenidən artımlar müşahidə ediləcək. Amma mövcud şərtlər dəyişməzsə, 2016-cı ildə güman olunur ki, Mərkəzi Bank üzən valyuta rejimini tətbiq edə bilər. O baxımdan konkret vaxt demək çətindir. Bu, Mərkəzi Bank tərəfindən inzibati yolla verilən bir qərardan asılıdır”.

“Manatı üzən məzənnəyə keçməyə hazırlamalıyıq”

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov isə bildirdi ki, manatın məzənnəsində hər hansı ciddi bir dəyişiklik gözlənilmir: “Bir daha bildiririk ki, bu ilin fevral ayında təxribat nəticəsində uğradığı 34%-lik devalvasiyaya baxmayaraq, beynəlxalq maliyyə institutlarının rəyinə görə də manat MDB məkanında ən etibarlı valyuta hesab olunur. Bunun kökündə isə Azərbaycanın güclü, sabit iqtisadiyyatı dayanır”.

F.Yusifovun sözlərinə görə, manatın məzənnəsində bundan sonra baş verə biləcək hər hansı bir dəyişiklik dünya iqtisadi məkanında baş verən proseslərin bundan sonra necə gedəcəyindən asılı olacaq: “Məsələn, ola bilməz ki, dünya iqtisadi məkanında, maliyyə bazarlarında proseslər bir istiqamətdə getsin, biz bu proseslərin əksinə hərəkət edək. Hər bir vəziyyətdə çevik qərarların qəbulu sonda yarana biləcək problemlərin qarşısını vaxtında almağa imkan verər. Bir daha qeyd edirik ki, bu gün manatın məzənnəsində heç bir kəskin dəyişiklik gözlənilmir. Bunun heç bir əsası yoxdur. Lakin bütün hallarda biz tədricən manatı üzən məzənnəyə keçməyə hazırlamalıyıq. Bu, reallıqdır. Biz bu addımı onun üçün münbit şərait tam formalaşdıqdan sonra ata bilərik və məncə, buna artıq hazırlaşmaq lazımdır”.

Aygün Asimqızı

Leave A Comment