Qiymət Tavanı Qiymət Artımlarının Qarşısını Ala Biləcəkmi?

Ölkə başçısının inhisarçılığa qarşı mübarizənin aparılması ilə bağlı son çıxışından sonra hökumət istehlak bazarında bir sıra inzibatı metodlar tətbiq edəcəyini bəyan edib. Bu metodlardan ən çox adı hallandırılan isə “qiymət tavanın”, yəni bir sıra məhsulların qiymətləri üçün maksimum həddin müəyyənləşdirilməsidir. Hələlik hansı məhsullara “tavanın qoyulacağı” bəlli olmasa da hökumət tezliklə bunu həyata keçirmək niyyətindədir. Rəsmi açıqlamalar sadədir: “Bununla istehlak bazarında süni qiymət artımlarının qarşısı alınacaq və inhisarçılığa qarşı mübarizə aparılacaq. Qiymət tavanları istehlakçıların hüquqlarının qorunmasına imkan yaradacaq”. Sadə açıqlamaların izahatı da sadədir: hökumət bununla inhisar qiymətlərinin müəyyənləşdirilməsinə qarşı mübarizə aparılacağını güman edir. Məsələnin pozitiv və neqativ tərəfləri ilə bağlı bir az sonra. Əvvəlcə, belə inzibati metodlardan nə zaman və necə istifadə edilməsinə diqqət yetirək.

Qiymətlərə maksimum (price ceiling) və ya hətta minimum (price floor) hədlərin müəyyənləşdirilməsinə hələ qədim dövrlərdən təsadüf edilir. Orta əsrlərdə çörəyin qiyməti üçün maksimum hədd müəyyənləşdirilmişdi. Amma “qiymət tavanı” üçün ən çox müraciət edilən nümunə ABŞ-da İkinci Dünya Müharibəsindən və 1971-73-cü illərdə Nikson administrasiyası tərəfindən tətbiq edilən kirayə haqları üçün maksimum qiymətin müəyyənləşdirilməsidir. Müharibədən sonra vətənlərinə qayıdan döyüşçülər Birləşmiş Ştatların iri şəhərlərində məskunlaşmağa başladılar. Onların çoxunun ailə qurması isə Nyu-York kimi iri şəhərlərdə ev kirayəsinə olan tələbatı artırdı. Təbii ki, müharibədən yenicə qayıdanların alıcılıq qabiliyyətləri təkliflə uzlaşmırdı və bu da kirayə haqlarının yüksəlməsinə gətirib çıxardı. Yüksək qiymətlə isə vətəndaşların çoxunun ev kirayə etmək imkanları yox idi- baxmayaraq ki, hətta belə qiymətlə də tələb təklifi üstələyirdi. Belə olan halda isə ABŞ hökuməti “ev problemini” kirayə haqlarına qiymət tavanı müəyyənləşdirməklə həll etdi.

Başqa nümunə ABŞ-da 1973-79-cu illərdə benzinin qiyməti üçün maksimum həddin müəyyənləşdirməsidir. Enerji böhranın istehlakçıların neqativ təsirini azaltmaq üçün hökumət benzinin qiymətlərinə inzibatı müdaxilə etməyə məcbur oldu. Ancaq sonradan “zaman iqtisadçıları” bu metodun əleyhinə çıxdılar və tavan götürüldü. Onların arqumenti sadə idi: təsəvvür edək ki, hökumət benzinin bir litri üçün 1 dollar qiymət tavanı müəyyənləşdirib və əgər bazar qiyməti 1.20 dollar olsaydı o zaman 10 litr benzin alan 2 dollar qənaət etmiş olur. Amma əgər sürücü benzin almaq üçün yarım saat növbədə dayanırsa o zaman onun itkisi 4 dollar olur (1 saatda orta hesabla 8 dollar qazandığının nəzərə aldıqda). Belə olan halda isə o 10 dollar benzinə ödəyir, 4 dollarsa itirir, nəticədə benzinin bir litrinin qiyməti 1.40 dollara başa gəlir. Nyu-Yorkda kirayə haqları üçün maksimum həddin müəyyənləşdirilməsi isə təklif edilən evlərin keyfiyyətini aşağı saldı və bu özünü ev sahiblərinin kirayə verilən mənzillərin təmirində və yenindən qurulmasında maraqlı olmamağında özünü göstərdi. Azərbaycanda “vaxt iqtisadiyyatı” hələ formalaşmasa da qiymət tavanın istehlak bazarında “stabillik” yaradacağına inananlar azdır. Bəs, Azərbaycanda qiymət tavanın müəyyənləşdirilməsinə ehtiyac varmı?

Bir məsələ ilə razılaşmaq lazımdır ki, qiymət tavanının müəyyənləşdirilməsi inhisarçılığa qarşı mübarizə tədbiri kimi təqdim edilə bilməz. Heç bir ölkədə bu metoddan inhisarçılığa qarşı mübarizə kimi istifadə edilməyib. Belə ki, qiymət tavanı istehlak bazarındakı qiymət ədalətli olmayanda, yəni istehlakçıların əksər hissəsinin alıcılıq qabiliyyətinə uyğun gəlməyəndə tətbiq olunur. Ədalətsiz qiymət isə heç də inhisar qiyməti demək deyil. Əslində, qiymət tavanını müəyyənləşdirilməsinə İqtisadi İnkişaf Nazirliyi dəfələrlə qeyri-rəsmi olsa da cəhd göstərib. Xüsusən bu tənzimlənən qiymətlərin yüksəldilməsi ilə bağlı Tarif Şurasının qərarlarından sonra daha çox müşahidə edilib. Yəqin ki, ətin qiyməti üçün maksimum həddin müəyyənləşdirilməsinə cəhdləri xatırlayanlar çoxdur. Və ya yarmarkalar qiymət tavanına ən bariz nümunə sayıla bilər. Həmin yarmarkalarda qiymətlər hökumətin müəyyənləşdirdiyi hədd daxilində satılır. Bu isə heç də inhisara qarşı mübarizə tədbiri kimi qiymətləndirilə bilməz. Ən azı ona görə ki, söhbət heç də qiymətlərində inhisarçılıq elementi olan məhsullardan getmir.

Əlbəttə, inhisarlara qarşı inzibati metodlardan istifadə edilməsi başa düşüləndir - amma əgər həmin fəaliyyət inhisar qiymətinin sıradan çıxmasına yönəlirsə. Məsələ ondadır ki, əksər idxal mallarının ixracında inhisar qalmaqdadır və ən yüksək rəsmi səviyyələrdə dəfələrlə bəyanatların verilməsinə baxmayaraq hələ də vəziyyətin ciddi dəyişdiyindən danışmaq mümkün deyil. Razılaşaq ki, əksər hallarda tələb təklif qanunu əsasında, yəni rəqabətli mühitdə formalaşan qiymət ən ədalətli hesab edilir. Məhz buna görə də, indi əksər ölkələrdə məhsulların çoxunun qiymətini bazar müəyyənləşdirir. Buna görə də, inhisarçılığa qarşı mübarizə özünü rəqabətin müdafiə olunmasında göstərməlidir.

Qiymət tavanın müəyyənləşdirilməsinin ən neqativ tərəfi bunun bazar iqtisadiyyatının fundamental qanunu olan tələb-təklif tarazlığının pozulmasıdır. Qiymət məhz rəqabətli mühitdə tələb-təklif qanunu əsasında müəyyənləşdirilməlidir və daxili faktorlar ədalətli qiymətin formalaşmasına imkan verməlidir.

Bundan başqa, qiymət tavanı “gizli inflyasiyaya” təkan verir. Məsələ ondadır ki, bir sıra istehlak malları üçün maksimum qiymətin müəyyənləşdirilməsi onların “stol altından ” satılmasına gətirib çıxarır. Belə hal bu ilin əvvəllərində tənzimlənən qiymətlər yüksəldikdən sonra müşahidə edildi. Xüsusən də istehlak malları üçün qiymət tavanın müəyyənləşdirilməsi onların bir neçə kateqoriya alıcılarının formalaşmasına gətirib çıxarır. Onlardan birinə aşağı qiymətlə keyfiyyətsiz mallar təklif edilir, digərlərinə isə yüksək qiymət və buna uyğun keyfiyyətdə məhsul satılır. Bu isə təbii ki, problem həlli yolu deyildir.

Başqa neqativ tərəf isə məhsulların keyfiyyətinin azalması ilə bağlıdır. ABŞ təcrübəsi də göstərir ki, qiymət tavanı son nəticədə təklif edilən məhsulların keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Məhdudlaşdırılmış qiymətlər keyfiyyət faktorların arxa plana keçməsinə səbəb olur. Bu isə həmin qiymətin satıcıların stimullarının azaltması ilə bağlıdır. Başqa tərəfdən, indi inzibati metodlar ilə qiymətlərin tənzimlənməsi daha çox aqrar məhsulların və ya daxildə istehsal olunan mallar ilə bağlıdır. İdxal məhsulların qiymətinin tənzimlənməsi istiqamətində hələlik heç bir fəaliyyət həyata keçirilməyib. Belə olan haldasa qiymət tavanından daha çox yerli istehsalçıların ziyan çəkməsi şübhəsizdir. Əslində, problemi qəlizləşdirən yerli istehsal məhsullarının qiymətinin artması deyil. Tarif Şurasının qərarından sonra əksər idxal mallarının qiymətində kəskin artım müşahidə edildi. Bir fakt diqqət yetirək, son 6 ayda dünya bazarında şəkər tozunun qiymətində artım müşahidə edilməyib, hətta yanvar ayında neftin qiymətinin azalması səbəbindən bu məhsulun dünya bazar qiyməti 3 faiz aşağı düşüb. Amma daxili bazarda qiymət 60 faizədək yüksəlib. Çünki həmin məhsulun yalnız ölkə daxili təchizatında xərclər artıb və bu da maya dəyərinin ən yaxşı halda 5-8 faiz artmasına gətirib çıxara bilər. Aydındır ki, günahkarı kiçik istehsalçılar arasında axtarmaq doğru deyil. Süni qiymət artımının əsas təkanvericiləri inhisarçılardır. Bir sıra istehlak mallarında inhisar qiymətləri mövcuddur. Təəssüf ki, həmin məhsulların siyahısı heç də qısa deyildir. Məhz həmin inhisarçı qurumlar istənilən vaxt qiyməti artıra bilirlər. Azərbaycanda 1 ton sementin qiymətinin Rusiyadakı analoji məhsuldan 3, Belarusdan 2.7 dəfə yüksək olması da məhz həmin inhisarçılığın nəticəsidir. Belə müqayisələri çox aparmaq olar. Bu isə təbii ki, qiymət tavanın tətbiqi ilə həll edilən problemlərdən deyil.

Beləliklə, ötən əsrin 70-ci illərində ABŞ-da tətbiq edilən qiymət tavanının Azərbaycanda tətbiqi gözlənilir. Bu inhisarçılar üçün tavan müəyyənləşdirilməsi demək olacaqmı?