Prezidentin son fərman sahibkarlara nə və edir?

 

Bir pəncərə sisteminin tətbiqi elektron hökumətə keçidin əsasını qoya bilər

 

Ölkə prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər” haqqında fərman imzalayıb. Sahibkarlıq mühitində bürokratik əngəllərin sayının azaldılmasını nəzərdə tutan sənəd ölkədə biznes-iqlimin təkmilləşdirilməsi, sahibkar fəaliyyətində müxtəlif maneələrin aradan qaldırılması məqsədi daşıyır. Fərmana əsasən Nazirlər Kabinetinə bir ay ərzində Ədliyyə Nazirliyi, İqtisadi İnkişaf, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Dövlət Statistika Komitəsi ilə birlikdə «1 pəncərə» prinsipi üzrə sahibkar fəaliyyətinin subyektləri üçün vahid kodun qəbul edilməsi haqqında təkliflər hazırlamaq tapşırılıb. Fərmanın konkret detallarına keçməzdən əvvəl sənəddə xüsusi yer tutan və ölkəmizdə yeni tətbiq olunacaq “Bir Pəncərə” sisteminin mahiyyətini izah edək.

 

Bir Pəncərə “ Sistemi Nədir və Necə Tətbiq Olunur?

 

“Bir pəncərə” sistemi elektron hökumətin əsas elementlərindən hesab edilir. Bu zaman məlumatların bir mərkəzdə cəmləşdirilməsi və eləcə də bütün inzibati qeydiyyatların (vergi qeydiyyatı da daxil olmaqla) tamamilə sinxronlaşdırılması nəzərdə tutulur. Bu zaman iş adamlarının mərkəzi sistem ilə avtomatik, on-layn və davamlı əlaqəsi yaranır. Faktiki olaraq bu lisenziyaların mərkəzləşdirmiş qaydada və elektron şəkildə təqdim edilməsi deməkdir. Bu zaman təbii ki, qeydiyyat üçün lazım olan proseduraların sayı azalır və biznes strukturları elektron qeydiyyat sistemindən faydalanaraq həmçinin vaxt itkisinin də qarşısını alırlar.

 

Qeyd edək ki, “bir pəncərə” sistemi 1970-ci ildən başlayaraq İBM şirkəti tərəfindən hazırlanmış və tətbiq edilməyə başlanılmışdır. Birləşmiş Ştatlarda bu sistemin yaradılması tarixi 1970-1997-ci illərə əhatə edir. İBM-in hazırladığı sistemə uyğun olaraq qeydiyyatla bağlı bütün informasiyalar MARK İV fayl sistemində toplanmağa başlanmışdır. 1990-cı ilədək isə bu göstəricilər mərkəzləşdirilmiş sistemdə cəmləşdirilmişdir. ABŞ-da 1990-cı ildən sonra müəssisələrin sayının artması regional “bir pəncərə” sistemlərinin yaradılmasına gətirib çıxarmışdır. 1998-ci ildə isə “bir pəncərə” sistemində qeydiyyat proseduralarını daha da sadələşdirmək məqsədilə HP şirkəti ORACLE faylarının tətbiqinə başladı. 1998-ci ildə keçid ölkələrində ilk dəfə Macarıstanda bu sisteminin tətbiqinə başlanıldı. Qonşu Gürcüstanda həmin sistem ötən ildən tətbiq edilməyə başlamışdır. Dünya Bankının tədqiqatlarına görə, bu sistemin tətbiqi qonşu ölkədə biznesin inkişafına, xüsusən də yeni biznes subyektlərinin yaradılmasına pozitiv təsir göstərmişdir.

 

Əslində, bu sistemin tətbiqi artıq mürəkkəb hesab edilmir. ABŞ-da Mərkəzi Qeydiyyat Şöbəsi məhz bir pəncərə sisteminə nəzarət edir. Bu zaman Mərkəzi Statistika İdarəsi, Vergilər İdarəsi və başqa müvafiq qurumlar informasiyaların həm yoxlanması, həm də sözügedən şöbəyə göndərilməsi ilə məşğuldurlar. Sadə dillə izah etsək; şöbəyə təqdim edilən məlumat elektron olaraq statistika və vergilər idarələri tərəfindən yoxlanılır və təsdiq edilir. Şöbə elektron təsdiqləri aldıqdan sonra elektron qeydiyyatla bağlı qərar verir və bu zaman qeydiyyat nömrəsi və başqa məlumatlar müraciət edən biznes strukturuna göndərilir və bununla da həmin təşkilatın qeydiyyatı tamamlanır. Həmin kodu isə biznes strukturu gələcək hesablaşmalarda və ya yazışmalarda istifadə edir. Avropa Birliyi ölkələrində biznes strukturları “qeydiyyat adı və parolla” təmin olunurlar və bu həmin müəssisələrə özləri ilə bağlı məlumatları elektron yeniləşdirməyə imkan verir. Bu qayda artıq, demək olar, bir pəncərəni tətbiq edən bütün ölkələrdə istifadə edilir.

 

Azərbaycan biznes mühiti necə qiymətləndirir?

 

Azərbaycan biznes mühitinin acınacaqlı olduğu ölkələrdən hesab edilir. Hər halda Dünya Bankı bu qənaətdədir. Xatırladaq ki, Dünya Bankı hər ilə “Biznes Fəaliyyəti” adlı hesabat hazırlayır və həmin sənəddə ölkələrdə biznes mühitlərinin qiymətləndirilməsi aparılır. 2007-ci il üçün bankın hazırladığı hesabat görə, Azərbaycanda biznesə başlamaq indeksi 96-dır. Bu rəqəm Gürcüstanda 36, Rusiyada 33, Qazaxıstanda 40, Ermənistanda isə 46-dır. Biznesə başlamaq üçün tələb olunan proseduraların sayı Azərbaycanda 15, Gürcüstanda 7, Rusiyada 7, Qazaxıstanda 7, Ermənistanda isə 9-dur. Biznesə başlamaq üçün tələb edilən müddət isə Azərbaycan 53 , Gürcüstanda 16, Rusiyada 28, Qazaxıstanda 20, Ermənistanda 24 gündür. Lisenziyaların verilməsi indeksinə görə isə Azərbaycanın vəziyyəti heç də arzu olunan deyil. Bu indeks Azərbaycan 162, Gürcüstanda 42, Rusiyada 163, Qazaxıstanda 119, Ermənistanda isə 36-dır. Lisenziyaların alınması üçün tələb edilən proseduraların sayı 28, Gürcüstanda 17, Rusiyada 22, Qazaxıstanda 32, Ermənistanda 18-dir. Lisenziyanın alınması ilə bağlı tələb edilən müddət isə Azərbaycan 212, Gürcüstanda 137, Rusiyada 531, Qazaxıstanda 248, Ermənistanda isə 112-dir( əlavə məlumat üçün bax; World Bank. Doing Business, 2007 və ya http://www.doingbusiness.org/documents/Doing_
Business_2007_Country_pages.pdf internet adresində məlumatları əldə etmək olar).

Dünya Bankının hesabatı göstərir ki, Azərbaycan regionda biznesə başlamaq, xüsusən də lisenziyaların verilməsi aspektindən ən mürəkkəb mühitə malik ölkələrdən biridir. Qeyd edək ki, hətta ABŞ Dövlət Departamentinin hesabatında da Gürcüstanda biznes mühitin yaxşılaşdırılması qeyd olunur. Amerikalıların fikrincə, bunun əsas səbəblərindən biri Gürcüstanda bir pəncərə sisteminin tətbiq edilməsidir. Deməli, fərmanda nəzərdə tutulan bir pəncərə sisteminin Azərbaycanda uğurla tətbiqi olduqca vacibdir. Biznes mühitinin təhlili göstərir ki, ölkədə biznesin inkişafına yönələn bürokratik əngəllərin sayı kifayət qədər çoxdur və məhz bu baxımdan da bu sahədə inzibati metodlar ilə yanaşı elektron hökumətə ünvanlanan fəaliyyətin həyata keçirilməsi vacibdir.

 

Prezidentin son fərmanı nə vəd edir və nə dəyişəcək?

 

Reallıq bundan ibarətdir ki, biznesin inkişafı ilə bağlı vəziyyət ürəkaçan deyil. Azərbaycanda qeyri-neft sektorunun inkişafını prioritet hesab edildiyini nəzərə aldıqda bu sahədə irəliləyişlərin əldə edilməsinin vacibliyi aydın görülür. Fərman bütövlükdə biznes mühitinin sadələşdirilməsini və eləcə də bürokratik əngəllərin azaldılmasının nəzərdə tutduğundan sənədin qiymətləndirilməsi pozitivdir. Elə sənədin özündə də biznes mühitindəki mənfi hallardan gen-bol yazılıb. Fərmanın verilməsi zəruriliyi də məhz bununla əsaslandırılır. Fərmanda nəzərdə tutulan tədbirlərin icrasının ölkədə biznes mühitinin yaxşılaşdırılmasına xidmət edəcəyi daha çox proqnozlaşdırılan nəticədir. Ən azı bir pəncərə sistemi lisenziyalaşdırma qaydalarını və proseduralarını xeyli sadələşdirəcək. Amma məsələnin başqa aspekti daha düşündürücüdür: fərmanda nəzərdə tutulanlar necə icra ediləcək?

 

Hələlik həm Nazirlər Kabinetinin, həm də başqa dövlət qurumlarının 1 ay vaxtı var. Amma hökumətin əvvəlki fəaliyyəti sənədin icrasının vaxtında və keyfiyyətlə həyata keçiriləcəyinə tərəddüdlər yaradır. Əslində indiyədək dəfələrlə sahibkarlığın inkişafına maneə olan bürokratik əngəllərin aradan qaldırılması ilə bağlı prezident fərmanları və ya sərəncamları imzalanıb. Amma istər beynəlxalq, istərsə də yerli ekspertlərin və eləcə də dövlət nümayəndələrinin qiymətləndirilmələri ürək açan heç nə demir. Kifayət qədər əhəmiyyətli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulsa da sonrada hökumət qurumları onun icrasında fəallıq göstərməyib və ya bu sahədə subyektiv amillər öndə saxlanılıb. Məsələn, ölkə prezidentinin “Azərbaycan Respublikasında Anti-inflyasiya Tədbirlərinin Gücləndirilməsi” haqqında 31 mart 2005-ci il tarixli fərmanında nəzərdə tutulan tədbirlərin əksəriyyəti həyata keçirilmədi. Sənədlə məhsulların idxal, topdan və pərakəndə satış qiymətlərinin monitorinqinin aparılması nəzərdə tutulsa da, hələ də bu sahədə heç bir addım atılmayıb. Və ya tənzimlənən qiymətlərin son artımdan sonra Prezident ailə gəlirlərinin hesablanması qaydalarında düzəlişlərin edilməsi ilə bağlı göstəriş verdi. Bu ünvanlı sosial yardım alanların maraqlarının qorunması baxımından əhəmiyyətli idi. Amma hökumət qurumları bu sahədə redaktə xarakterli fəaliyyətdən başqa heç nə etmədi. Məsələn, “arayışlar” sözü “arayış” sözü ilə əvəzləndi və bu isə təbii ki, heç də təkmilləşdirmə demək deyildi. Deməli, ən ciddi problem, hökumətin sənəddə nəzərdə tutulanları yerinə yetirməyəcəyi qorxusu kifayət qədər ciddidir.

 

Problemin başqa tərəfi, hökumət nümayəndələrinin “bir pəncərə” sistemindən istifadəyə nə dərəcədə hazır olmaqları ilə bağlıdır. Məsələ heç də həmin sistemin tətbiqin texniki tərəfləri ilə bağlı deyil- baxmayaraq ki, bu sahədə də ciddi addımların atılmasına ehtiyac var. Problem ondadır ki, bir sıra hökumət qurumları hələ də elektron sənədləşmənin aparılmasına hazır deyil. Bunun isə ən acı nəticəsi dünya praktikasında uğurla sınaqdan çıxmış təcrübənin Azərbaycan uğursuzluğa düçar olması ola bilər. Hər halda, fərmanın icrasının təşkili səviyyəsi bir sıra məsələlərə aydınlıq gətirəcək.

 

Beləliklə, sahibkarlığın inkişafı ilə bağlı daha bir sənəd imzalandı. İndi hökumət qurumları sahibkarlığına bir deyil bir neçə pəncərə aça bilərlər.