“Xüsusi iqtisadi zonalar qeyri-neft sektorunun inkişafının stimullaşdıra bilər”

  İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun fikrincə, Lənkəranda xüsusi zonanın yaradılması ideyasına ehtiyatla yanaşmaq lazımdır

  - V üqar müəlləim, m artın 7-də prezident İlham Əliyev Azərbaycanda xüsusi iqtisadi zonaların yaradılması haqqında fərman imzalayıb. Rəsmi məlumatlara görə, ölkədə 3 xüsusi iqtisadi zonanın yaradılması planlaşdırılır. Sizcə, dünyada uğurla sınaqdan keçmiş bu təcrübə Azərbaycan iqtisadiyyatına hansı tövhələr verə bilər?

  - Əvvəla, Azərbaycanda xüsusi iqtisadi zonaların yaradılması ideyası təqdirə layiqdir. Söhbət hökuməti prioritet sahə kimi qəbul etdiyi qeyri-neft sektorunun inkişafını stimullaşdırmaqdan gedir. Təbii ki, belə zonaların yaradılmasının müsbət təsirləri yalnız bununla məhdudlaşmır. Xüsusi iqtisadi zonalar ölkənin səciyyəvi iqtisadi qanunlarından daha liberal qanunlara malik olan coğrafi ərazidir. Adətən belə zonaların yaradılmasında məqsəd daha çox xarici investisiya cəlb etməkdir. İlk belə zona ötən əsrin 80-ci illərin əvvəllərində Çində Şenzen ərazisində yaradılmışdır. Bu zonanın yaradılması nəticəsində Şenzen 20 il ərzində kiçik kənddən 10 milyon əhalisi olan şəhərə çevrilmişdir. Çindən başqa belə zonalara Hindistanda, Polşada, Qazaxıstanda, Rusiyada Filippində və başqa ölkələrdə rast gəlinmişdir. ABŞ-da belə zonalar “Şəhər Sahibkarlıq Zonaları” kimi adlandırılır. Dünya Bankının məlumatlarına görə, 2007-ci ilin əvvəlinə dünyanın 120 ölkəsində 3000-dən artıq belə zonalar yaradılmışdır. Yalnız Hindistanda belə zonaların sayı 220–dir və onların yaxın iki ildə 500-ə çatdırılması nəzərdə tutulur. Xüsusi iqtisadi zonalar xüsusi vergi güzəştlərinə, xarici ticarət əməliyyatlarında daha böyük müstəqilliyə malik olmaqla ixraca yönəlik istehsal sahələrin yaradılmasına xidmət edir. Azərbaycanda belə zonaların yaradılması bir sıra iqtisadi və sosial problemlərin həllinə yardımçı ola bilər. Əvvəla, xüsusi zonanın yaradılması həmin əraziyə xarici investisiya axının sürətləndirəcək və bu təbii ki, yeni sənaye müəssisələrin yaradılmasına gətirib çıxaracaq. Bu isə yeni iş yerlərinin yaradılması və məşğulluq problemin həllinə yardım deməkdir. İkincisi, belə zonaların yaradılması regional inkişaf probleminin həllinə təkan verəcək. Problem ondadır ki, bu gün dövlət büdcəsi vergilərinin 93 faizi Bakını payına düşür, biznesin 4/5-dən artığı da paytaxtda təmərküzləşib. İqtisadi baxımdan Bakı ilə rayonlar arasındakı fərq danılmazdır. Hələ də regionlara investisiya cəlb etmək problemi qalmaqdadır. Hökumətin bir sıra cəhdlərinə baxmayaraq ciddi xarici investisiyaları rayonlara yönəltmək mümkün olmayıb. Bunun müxtəlif səbəbləri var və təbii ki, onların arasında regionlara xüsusi güzəştlərin tətbiq edilməməyi heç də birinci deyil. Regionlarda biznesin inkişafın üçün infrastrukturun yetərincə inkişaf etməməyi əsas problemlərdəndir. Xüsusi iqtisadi zonaların yaradılması həmin ərazilərdə yeni infrastrukturun formalaşmasına gətirib çıxaracaq. Bu baxımdan xarici investisiyanın regionlara axması və orada yeni iş yerlərinin yaradılması rayonların sosial inkişafına təkan verə bilər. Belə zonaların yaradılmasının başqa üstünlüyü idxala deyil ixraca yönümlü iqtisadiyyatın formalaşmasıdır.

 

  1. İlkin olaraq Lənkəranda xüsusi iqtisadi zonaların yaradılması ideyası müzakirə edilir. İqtisadi İnkişaf Nazirliyindən verilən məlumata görə, bununla bağlı təhlillər aparılır. Sizcə, xüsusi iqtisadi zonalar yaradılan zaman regional baxımdan hansı meyarlara daha çox üstünlük verilməlidir?
  2. Xüsusi iqtisadi zonalar yaradılan zaman hansı regionların seçilməsi olduqca vacibdir. Bu həmin zonaların müvəffəqiyyətinə ciddi təsir göstərir. Bu baxımdan region seçilən zaman yalnız iqtisadi faktorlar deyil, həmçinin siyasi amillər də nəzərə alınmalıdır. Başqa tərəfdən, xüsusi iqtisadi zonalar ticarət zonaları kimi baxmaq düzgün deyil. Nədənsə, bu zonalardan danışılanda Dubay modeli daha çox xatırlanır. Əlbəttə, Dubay şəhərinin inkişafı uğurlu modellərdən biridir. Amma bu model daha çox xüsusi ticarət zonası mexanizmi üzərində qurulub. Biz isə daha çox xarici investisiyanı cəlb etmək məqsədilə belə zonalar yaratmaq niyyətindəyik. Başqa tərəfdən, Azərbaycanı Birləşmiş Ərəb Əmirliyi ilə müqayisə etmək də düzgün deyildir. Buna görə də, belə zonalar seçilən zaman xarici investisiya cəlb etmək imkanları araşdırmalıdır. Cənub bölgəsi, o cümlədən Lənkəran İranla sərhəddə yerləşir və kifayət qədər geopolitik məsələdir. Regionda baş verən proseslər göstərir ki, İranla Qərb ölkələri, xüsusən də ABŞ arasında gərginlik artır və problemin yaxın illərdə həll edilməsi ilə bağlı nikbin proqnozlar da yoxdur. Xarici investorlar isə potensial gərginlik ocağına yaxın əraziyə böyük həcmdə kapital qoymayacaqlar. Bunu İraqda son illər baş verənlər də təsdiq edir. Xarici investorlar siyasi risklərdən sığortalanmış ərazilərə kapital qoymaqda maraqlıdırlar. Buna görə də, cənub bölgəsində xüsusi zonanın yaradılmasına cəhd xarici investisiyanı cəlb etmək baxımından neqativ nəticələrə gətirib çıxara bilər. Nəzərə almaq lazımdır ki, xüsusi zonanın yaradılması ideyasına ciddi yanaşmaq lazımdır. Əgər, ilk zona yaradılmasında uğur əldə edilməsə uzun müddət bu ideyaya qayıtmaq mümkün olmayacaq. Bunu ötən əsrin 90-cı illərinin ortalarında Sumqayıtda yaradılmağa çalışılan zona ideyasının iflasa uğraması və bundan sonra uzun müddət bu məsələyə qayıdılmamağını xatırlamaq kifayətdir. Çünki bundan sonra xarici investorlar arasında belə ideyanın reallığına inam itir. 
  3. Belə bir fikir var ki, xüsusi zonalarda vergi güzəştləri tətbiq edildiyindən və hətta bir sıra hallarda vergi dərəcələri sıfıra endirildiyindən bu dövlət gəlirlərinin azalmasına səbəb olur. Sizcə, bu məsələdə dövlətin itkiləri nədir?
  4. Doğrudur, xüsusi zonaların əsas özəlliyi liberal qaydaların və eləcə də vergi güzəştlərin tətbiq edilməsidir. Amma burada dövlətin itkilərindən danışmaq doğru deyildir. Əvvəla, həmin zonalarda fəaliyyət göstərən müəssisələr bir sıra vergilər o cümlədən fiziki şəxslərin gəlir vergisini ödəyirlər və faktiki olaraq, dövlət heç də bütün vergi mənbələrindən mərhum olmur. Ən əsası isə odur ki, dövlət bu zonaları yaratmaqla məşğulluq, regional inkişaf kimi ağrılı problemlərin həllinə ciddi yardım etmiş olur. Bu isə belə layihələrin əhəmiyyətini göstərən faktorlardandır.