|
|
|
TİKİNTİ ŞİRKƏTLƏRİ İLƏ BANKLARIN DAVASI YETİŞİR
Kreditləşməni dayandıran banklar, üstəlik, əvvəlki
borcları tələb edirlər
09.01.2009 [09:34]
Bank sektorunda ötən ilin avqustundan başlayan
böhran daha da dərinləşməkdədir.
Proqnozlara görə, 2009-cu ildə qlobal maliyyə
böhranının ən böyük zərbəsi məhz ölkənin yerli
banklarına dəyəcək. Hazırda nağd vəsait problemi
yaşayan, xaricdən alınan borclar içində batan
kommersiya bankları verdikləri pul kreditlərini
vaxtından əvvəl geri çağırmağa başlayıblar. Bu isə
onsuz da son aylar zərərlə işləyən yerli şirkətləri
çıxılmaz vəziyyətə salıb.Xüsusilə, tikinti
şirkətləri aldıqları borcları geri qaytarmaqda
çətinlik çəkirlər. Güman edilir ki, gələn aydan
etibarən kreditləri qaytarmaq bu şirkətlər üçün daha
ciddi öhdəliyə çevriləcək. Ayda bir ev belə sata
bilməyən şirkətlərin borclarını necə qaytaracağı
şübhə doğurur. Əslində, bir sıra tikinti
şirkətlərinin “inanılmaz endirim kampaniyaları”, 1
mənzil alana əlavə mənzil hədiyyə olunması ilə bağlı
təklifləri bankların borcunu qaytarmaq üçün alıcı
cəlb edib, tez bir zamanda nağd vəsaitə malik olmaq
məqsədi daşıyır.
İqtisadçı-ekspert Vüqar Bayramov deyir ki, Milli
Bankın bank sektorunda vəziyyətin yaxşı olması ilə
bağlı proqnozlarına baxmayaraq, bankların ənənəvi
problemləri qalmaqdadır: “Banklar kütləvi kredit
verilməsini bərpa etməyiblər. Eyni zamanda banklara
cəlb olunan əmanətlərin həcmində azalmalar müşahidə
edilir. Doğrudur ki, Milli Bank noyabr ayında
banklara yerləşdirilən əmanətlərin həcminin 5 faiz
azalması ilə bağlı açıqlama vermişdi. Amma sonradan
vəziyyətin heç də kritik olmadığını, banklara cəlb
edilən əmanətlərin həcminin artdığını bildirdi.
Bütün hallarda Milli Bankın son açıqlaması da
əvvəlkilər kimi nikbindir. Faktiki qurumun nə
hesabatları, nə də açıqlamaları bank sektorundakı
real vəziyyəti tam olaraq əks etdirmir. Milli Bankın
ictimaiyyətə heç də doğru olmayan məlumat verməsi
isə cəmiyyətdə bank sektoruna inamsızlığın
artmasına səbəb olur. Məsələn, Mərkəzi Bank deyir
kreditləşmə dayanmayıb, vətəndaş isə banka müraciət
edərkən əks cavabı alır”.
V.Bayramov deyir ki, bankların xarici borclarını tam
olaraq qaytarmalarından söhbət belə gedə bilməz:
“Qlobal maliyyə böhranı başlayan zaman kommersiya
banklarının xarici maliyyə mənbələrinə 2 milyard
dollar borcu var idi. Bu, bir il ərzində alınan
borcdur. Banklar həmin vəsaitləri təcili geri
qaytarmaq məcburiyyətində qaldıqları üçün nəticədə
nağd vəsaitlərə ehtiyacları yaranıb. Eyni zamanda
qlobal maliyyə böhranı başlayanadək bütövlükdə
kommersiya bank aktivlərinin cəmi 4 faizi nağd
vəsaitlər idi. Bankların gəlirlərinin 70 faizi
kreditlərin verilməsinə görə əldə edilən gəlirlərdir.
Kreditlərin verilməsinin dayandırılması bankların öz
funksiyalarının 70 faizini yerinə yetirməməsinə
gətirib çıxardı. Digər tərəfdən, böhrandan sonra
bankların likvidliyi 4 faizdən 1 faizə qədər azaldı.
2008-ci ildə 2007-ci illə müqayisədə bankların
müxbir hesabların saxlanmasından əldə etdiyi gəlir
19 faizdən 10 faizə qədər aşağı düşdü. Bundan başqa,
ötən il bankların bütün aktivlərinin cəmi 7 faizi
investisiyaların həyata keçirilməsindən əldə olunan
gəlirlər idi. Praktiki qlobal maliyyə böhranı
başlayanadək banklar artıq böhrana hazır idilər.
Böhrana hazırlıq təkcə bunun nəticələrinin aradan
qaldırılması deyil. Qlobal maliyyə böhranı banklarda
baş verə biləcək böhranı tezləşdirdi. Problemin
digər tərəfi nə Milli Bankın, nə də hökumətin bank
sektorunda problemin aradan qaldırılmasıyla bağlı
birbaşa addım atmamasıdır. Düzdür, Mərkəzi Bank uçot
stavkasını 15 faizdən 8 faizə endirdi, prezidentin
fərmanı ilə maliyyə qurumlarının, bankların, sığorta
şirkətlərinin mənfəəti növbəti 3 ildə vergidən azad
edildi. Amma bu addımlar təqdirəlayiq olsa da,
dolayı addımlar idi”.
Ekspert deyir ki, əgər bankın mənfəəti yoxdursa,
mənfəət vergisinin olub-olmamasının bank üçün
əhəmiyyəti yoxdur.
Mütəxəssisin sözlərinə görə, bankların fəaliyyətini
dayandırması qeyri-maliyyə sektoruna neqativ təsir
göstərir: “Çoxlu sayda şirkətlərin fəaliyyətini
dondurmasına və yaxud müvəqqəti dayandırmasına
gətirib çıxarıb. Bank sektorundakı problemin ən çox
təsir etdiyi sahə tikinti sektorudur. Bu gün tikinti
sektorunda, mənzil bazarında müşahidə edilən
durğunluq birbaşa bankların kredit verməsini
dayandırması ilə bağlıdır. Kreditlərin verilməməsi
tikinti şirkətlərinə fəaliyyətlərini həyata
keçirməyə imkan vermir.
Məlum oldu ki, əvvəl tikinti şirkətləri torpağın
alınmasını, binanın bir neçə mərtəbəsinin
tikintisini bank kreditləri hesabına həyata
keçirirdilər. Tikinti şirkətlərinin istifadə
etdikləri pul vəsaitləri onların sərəncamında olan
vəsaitlər deyildi. Həmin pullar banklardan və ya
potensial müştərilərdən alınan vəsaitlər idi. Bir
tərəfdən şirkətlər üçün həmin maliyyə mənbələri
qapanıb. Digər tərəfdən isə şirkətlərdən banklardan
əvvəl aldıqları kreditləri ödəmək tələb olunur.
Nəzərə alsaq ki, həmin kreditlərin böyük qismi
qısamüddətlidir, buna görə də tikinti şirkətləri
ilin əvvəlindən başlayaraq həmin vəsaitləri geri
qaytarmaq məcburiyyətindədirlər”.
Digər tərəfdən, məlumatlara görə, banklar qarşısında
böyük borc öhdəliyi olan tikinti şirkətlərindən biri
də “Akkord”dur. Hazırda rentabelsiz işləyən şirkət,
üstəlik, bankların “borcu qaytar” tələbi ilə də
üzləşib. Şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin
rəhbəri Afaq Quliyeva “Yeni Müsavat”a açıqlamasında
banklardan kredit götürüldüyünü bildirdi: “Hər ay
bankların faizləri ödənilir. Bizə banklar tərəfindən
hər hansı xəbərdarlıq gəlməyib”. O, həmçinin
şirkətin borcların banklar tərəfindən vaxtından
əvvəl istənilməsi halı ilə üzləşmədiyini söylədi.
Məsələ ilə bağlı Milli Bankın da rəyini öyrənməyə
çalışdıq. Lakin qurumdan telefon zənglərimizə cavab
verən olmadı. Halbuki, ötən ilin sonuna yaxın
mətbuat konfransı keçirən MB-nın idarə heyəti
sədrinin müavini Aftandil Babayev mətbuatla daha sıx
işləyəcəklərini, ünvanlanan sualların
cavablandırılmasında problemin olmayacağını
bildirmişdi.
Yeni Musavat
|