Tikinti şirkətləri Milli Bankın müraciətini nəzərə alacaqmı?

 

 Mütəxəssislərin fikrincə, mənzil bazarını yalnız qiymətlərin aşağı salınması xilas edə bilər

03 -03 -2009

Bu gün Azərbaycanın tikinti sektorunda yaranan durğunluğun acı nəticələri özünü göstərməyə başlayıb. Evlərin satılmaması, yeni tikintilərin azalması bu sektorda çalışan on minlərlə insanın işsiz qalması ilə nəticələnə bilər. İnsanların işsizlik problemini həll etmək üçün hələ yanvar ayında Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov ölkəyə gətiriləcək valyutanın bir hissəsini bu sektora yönəldilməsini təklif etmişdi. Bundan sonra bir çox tikinti şirkətləri böyük ümidlə hökumətin onlara edəcəyi yardımı gözləməyə başladı. Amma verilən vədin üzərindən iki ay keçməsinə baxmayaraq, meydanda bir susunluq hökm sürür. Artıq bəzi şirkətlər mənzil bazarının iflic vəziyyətə düşməsindən müflis vəziyyətə gəlib çıxıb və onlar dövlətdən yardım diləyirlər.

 

Milli Bank: «Qiymətlər aşağı salınmalıdır»

 

AMB rəhbəri Elman Rüstəmov isə tikinti şirkətlərinə müraciət edir ki, vəziyyətdən çıxmaq üçün bazara daha ədalətli qiymətlər təklif etsinlər. Onun sözlərinə görə, tikinti sektorunu canlandırmaq üçün hökumət ipoteka siyasətinə yeniliklər gətirməyi düşünür: «Amma əmlak bazarında qiymətlər aşağı salınmayınca, nə əhalinin ehtiyaclarını ödəmək, nə də tikinti sektoruna effektli yardım etmək mümkün olacaq».

 

Vüqar Bayramov: «Dövlət rezervlərinin yalnız bu sahəyə yönəldilməsi iqtisadi baxımdan əsaslandırıla bilməz»

 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov hesab edir ki, dövlət tərəfindən ayrılan maliyyə yardımı bu sahədə heç bir canlanma yarada bilməyəcək: «Əslində Milli Bank tikinti sektorunda durğunluğun aradan qaldırılmasına məsul olan bir qurum deyil, kommersiya banklarına nəzarət edən mərkəzdir. Milli Bankın Nazirlər Kabinetinin iclasında verdiyi təklif kommersiya banklarını genişləndirməklə tikinti sektoruna təsir edilməsi barədə idi. Sonradan bəlli oldu ki, durğunluq təkcə sözügedən sektorda deyil, digər qeyri-neft sektorunda da müşahidə olunur. Dövlət rezervlərinin yalnız bu sahəyə yönəldilməsi iqtisadi baxımdan əsaslandırıla bilməz».

V.Bayramov da tikinti sektorunda qiymətlərin aşağı salınmasının vacibliyinə toxundu. Onun fikrincə, mənzillərin qiymətləri bazara uyğun deyil: «Qiymətlərin ucuzlaşması prosesi getməsə, həmin şirkətlərə kreditlər, maliyyə yardımları edilsə belə, bu, canlanmaya təsir etməyəcək. Heç səmərəli də sayılmayacaq».

 

Nüsrət İbrahimli: «Yardım birbaşa həyata keçirilsə, heç bir effekt verməyəcək»

 

Daşınmaz əmlak üzrə mütəxəssis Nüsrət İbrahimli isə tikinti sektorunun birbaşa olmasa da, dolayı yolla dövlət yardımına ehtiyacı olduğunu deyir: «Birbaşa maliyyə dəstəyinin tərəfdarı deyiləm. Amma bazara dövriyyə üçün pul buraxmaq lazımdır. Bu yardım birbaşa həyata keçirilsə, heç bir effekt verməyəcək. Əgər maliyyə yardımı olucanaqca, bu, tək tikinti deyil, bütün sektorları əhatə etməlidir». Onun dediyinə görə, dolayı yol kreditlərin bərpasıdır: «Biznes sahəsinə kifayət qədər böyük və güzəştli kreditlər ayırmaq, ipoteka kreditlərini bərpa etmək lazımdır. Əgər bunu bacarsaq, Azərbaycan başqa ölkələrin aldığı zərbədən yan keçəcək».

 

Vüsalə RÜSTƏMOVA

“Bizim yol

 

 

 


 

Media/ Videolar/Fəaliyyətlər


 

       

Oktyabrın 17-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün ilk seminarına toplandı. Tələbələrin qonağı bu dəfə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti Sədri Vüqar Bayramov idi. QonaqAFU tələbələri ilə birlikdə müxtəlif mövzular ətrafında maraqlı və canlı müzakirələr apardı. Vüqar Bayramov tələbələri iqtisadiyyatla bağlı bəzi müasir nəzəriyyələrlə tanış etdi. Xüsusiylə klassik, Keynsçi və Çikaqo məktəblərinə yer ayıran mühazirəçi eyni zamanda tələbələrə bu nəzəriyyələrin maraqlı aspektlərindən danışdı

   

Noyabrın 14-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün növbəti görüşünə toplandı. Bu dəfəki mövzu dövlət sərmayələri, klubun qonağı isə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti üzvü Elçin Rəşidov idi. Elçin Rəşidov ilk öncə sərmayə və onun fəlsəfəsi, sərmayələrin məqsəd və vəzifələri haqqında tələbələrə söhbət açdı. Daha sonra görüş iştirakçıları dövlət sərmayələri və özəl sərmayələr haqqında müzakirə apararaq onların fərqli və oxşar cəhətlərinə toxundular.

       

İqtisadiyyat Klubu / Vüqar Bayramov from afumedia on Vimeo.

   

Economics Club / Elchin Rashidov from afumedia on Vimeo.