İpoteka fırıldağının üstü açıldı
Vüqar Bayramov: “Banklar vətəndaşlara
ipoteka kreditini nisyə verir...”
11.06.2009 [08:21]
Artıq 10 gündür İpoteka Fondu (AİF)
kommersiya ipoteka kreditlərinin başlanmasına start
verib.
Ötən müddətdə nə qədər vətəndaşın
ipoteka krediti götürdüyü açıqlanmasa da AİF-dən
lent.az-a bildirilib ki, yaxın günlərdə imtiyazlı
təbəqədən olanlara güzəştli şərtlər əsasında sosial
ipotekanın verilməsinə başlanacaq. Qeyd olunub ki,
bunun üçün həm müvafiq dövlət təşkilatlarında, həm
də müvəkkil banklarda son hazırlıq işləri görülür və
Maliyyə Nazirliyi bir neçə günə fondun hesabına
vəsait köçürəcək.
Yeri gəlmişkən, Mərkəzi Bankının
sədri Elman Rüstəmov jurnalistlərə açıqlamasında
sosial ipotekaların maliyyələşməsinə 12-14 milyon
manatın ayrılacağını deyib. Onun sözlərinə görə,
artıq güzəştli ipoteka krediti almaq istəyən
vətəndaşlar müvəkkil banklara müraciət edə bilərlər.
Yeri gəlmişkən, diqqətə çatdıraq ki,
2009-cu ilin dövlət büdcəsindən sosial ipoteka
kreditləşməsi üçün 34 milyon manat nəzərdə tutulub.
Onu da vurğulayaq ki, sosial ipotekalar 4 faizlə 30
il müddətinə verilir. Bu növ kreditlərin maksimal
həddi 35 min manatdır. Güzəştlər əsasında sosial
ipotekadan şəhid ailəsinin üzvlərinin (əri, arvadı,
övladları), milli qəhrəmanların (özü, əri, arvadı,
övladları), məcburi köçkün və ya ona bərabər tutulan
şəxslərin, 3 ildən az olmayan müddətdə dövlət
qulluqçusu işləyənlərin, elmlər namizədi və ya
doktoru, elmi dərəcəsi olan şəxslərin, 3 ildən az
olmayan müddətdə hərbi xidmətdə olan hərbi
qulluqçuların (müddətli həqiqi hərbi xidmətdə olan
hərbi qulluqçularından başqa) istifadə etmək hüququ
var. Güzəştli şərtlərlə kredit alanların yaşı 35-dən
yuxarı olmamalıdır. İpoteka kreditləri üzrə
güzəştlərdən istifadə etmək hüququ olan hər bir ailə
və ya şəxs bu hüquqdan yalnız bir dəfə istifadə edə
bilərlər.
10 gündə heç kəs ipoteka krediti ala
bilməyib
İqtisadçı-ekspert Vüqar Bayramov
deyir ki, ipoteka kreditləşməsi ilə bağlı kifayət
qədər qaranlıq məqamlar var: “Həmin məqamlar ipoteka
kreditləşməsinin nə üçün başladığını sual altına
qoyur. Düzdür, müvəkkil banklar bu gün ipoteka
kreditləşməsi üçün müraciətləri qəbul edirlər. Amma
problem ondadır ki, banklar İpoteka Fondunun
hesablarına vəsait köçürmədiyini bildirirlər. Bu isə
o deməkdir ki, ipoteka proqramının başlanmasına
baxmayaraq hələlik heç bir vətəndaş ipoteka krediti
almayıb. İpoteka Fondunun, eləcə də Mərkəzi Bankın
adi ipoteka kreditlərinin verilməsi üçün vəsaiti
yoxdur”.
Mərkəzi Bank sıfır büdcə ilə ipoteka
proqramına başlayıb
Mütəxəssisin sözlərinə görə, müvəkkil
banklarda kreditləri vermək üçün vəsait yoxdur: “Bu
gün adi ipoteka proqramı bərpa edilib. Adi
ipotekaların bərpası heç də ipoteka proqramının
icrasına başlanması demək deyil. Çünki İpoteka Fondu
və Mərkəzi Bank ipoteka üçün sıfır büdcə ilə ipoteka
proqramına başlayıb. Bank dövlət büdcəsindən ayrılan
vəsaiti adi ipoteka proqramına yönəltməyib. Büdcədən
nəzərdə tutulan vəsait yalnız sosial ipoteka
kreditlərinin verilməsi üçün istifadə ediləcək.
Mərkəzi Bank adi ipoteka kreditlərinə ipoteka
istiqrazlarının satışından əldə olunan gəlirləri
yönəltmək istəyir. Bankın proqnozlarına görə isə
dövriyyəyə buraxılan istiqrazların satışından
təxminən 55 milyon manat vəsait əldə olunacaq.
Əslində kifayət qədər paradoksal vəziyyətdir.
Hələlik istiqrazlar çap edilməyib və dövriyyəyə
buraxılmayıb”.
Mərkəzi Bankın buraxdığı ipoteka
istiqrazlarının satılıb-satılmayacağı sual
altındadır
Dövriyyəyə buraxılmadığı üçün
istiqrazların satılmadığını bildirən V.Bayramov belə
şəraitdə vəsait də olmadığını diqqətə çatdırır:
“Söhbət virtual 55 milyon manatla başlanılan ipoteka
proqramından gedir. Bu arada Mərkəzi Bankın
buraxdığı ipoteka istiqrazlarının
satılıb-satılmayacağı da sual altındadır. Hələlik
Mərkəzi Bank dövriyyəyə buraxacağı ipoteka
istiqrazlarını hansı formada realizasiya edəcəyi
yönündə tam təsəvvürə malik deyil. Çünki bankdan
güman olunur ki, istiqrazlar nominal dəyərlə
buraxılacaq. Yəni 1000, 2000, 5000 manatlıq ipoteka
istiqrazları buraxılacaq və Mərkəzi Bank
istiqrazları buraxaraq əhalidən borclanacaq.
Borclanan 55 milyon manat 8 faizlə ipoteka
kreditlərinin verilişinə yönəldiləcək. Aradakı fərq
İpoteka Fondunun gəliri olacaq. Mexanizm kifayət
qədər sadədir. Problem isə ondan ibarətdir ki, bu
sadə mexanizmin işləmə və ya reallaşma ehtimalları
azdır. Əvvəla, indiki halda ipoteka istiqrazlarına
ciddi tələbatın olacağı gözlənilmir. Qlobal maliyyə
böhranı eyni zamanda qiymətli kağızlar problemidir.
Böhran qiymətli kağızların dəyərinin düşməsinə
gətirib çıxarıb. Bu da istiqrazlara olan tələbin
azalması deməkdir”.
Ekspert bildirir ki, Azərbaycanda da
istiqrazlara inamın itməsi müşahidə edilir: “Əslində
böhrandan əvvəl də Azərbaycanda qiymətli kağızlara,
istiqrazlara maraq olduqca aşağı idi. Çünki hökumət
indiyədək iki dəfə istiqraz buraxıb. Mərkəzi Bank
dövlət istiqrazları buraxıb və onlar satılmayıb.
Həmin dövlət istiqrazları sonradan Maliyyə Nazirliyi
tərəfindən alınıb. Daha sonra Maliyyə Nazirliyi
dövlət istiqrazları buraxıb. O da satılmayıb. Bu
zaman isə istiqrazlar Mərkəzi Bank tərəfindən
alınıb. Hökumət qurumlarının, eləcə də Mərkəzi
Bankın dövriyyəyə buraxdığı bu istiqrazların bazarı
yoxdur”.
V.Bayramovun fikrincə, qiymətli
kağızlar bazarı yoxdursa, o zaman istiqrazları
satmaq kifayət qədər problemdir: “Nəzərə almaq
lazımdır ki, Mərkəzi Bankın təklif etdiyi divident
səviyyəsi və ya faiz dərəcəsi olduqca aşağıdır. 3
faizlik gəlir səviyyəsi olan istiqrazların
vətəndaşlar tərəfindən alınacağı şübhə doğurur.
Çünki vətəndaş həmin vəsaiti əmanət şəklində
banklarda yerləşdirərək daha yüksək gəlir əldə edə
bilər. Digər ehtimal odur ki, Mərkəzi Bank bunu
kommersiya banklarına satacaq. Amma kommersiya
banklarının likvidliyi, maliyyə resurslarının
səviyyəsi olduqca aşağıdır. İndiki halda kommersiya
banklarının istiqrazların alınmasına könüllü şəkildə
vəsait yönəldəcəyi ağlabatan deyil. Əslində bank
ipoteka proqramını istiqrazları satıb vəsait əldə
etdikdən sonra proses başlamalı idi. Deməli, Mərkəzi
Bank ”nisyə" ipoteka proqramına başlayıb. İyulun
1-dən müvəkkil banklar vətəndaşların sənədlərini
qəbul edirlər. Lakin onlara nağd şəklində pul deyil,
nisyə ipoteka verirlər".
İqtisadçı hesab edir ki, nisyə
ipoteka proqramı o zaman real olar ki, İpoteka Fondu
müvəkkil banklara vəsait yönəldər.
Mərkəzi Bank tikinti şirkətlərini
xilas etmək üçün yalan danışır
MB-nin vətəndaşları aldatmasının
səbəblərinə gəlincə, V.Bayramov deyir ki, bankın
proqrama başlanması bəyanatının arxasında uzun
müddət fasilə verilən ipoteka kreditləşməsinin
bərpası dayanmır: “Bankın məqsədi əmlak bazarında
canlanmanın yaranması və ya tələbin formalaşmasına
psixoloji təsir göstərməkdir. Qurumun özü də
dəfələrlə etiraf edib ki, ipoteka proqramının
bərpasının səbəblərindən biri əmlak bazarında
durğunluğun aradan qaldırılmasına yardım etməkdir.
Eləcə də bu bazarda tələbin formalaşmasına təsir
göstərməkdir. İndi bəlli olur ki, bu, bankın ipoteka
kreditləşməsinə başlamasının səbəblərindən biri yox,
yeganə səbəbidir. Bank güman edir ki, ipotekaya
başladıqdan sonra əmlak bazarında canlanma baş
verəcək, qiymət azalmalarının qarşısı alınacaq.
Proses tikinti sektorunda canlanmanın yaranmasına
gətirib çıxaracaq. Lakin bu baş vermədi. Nisyə
ipoteka proqramı ilə əmlak bazarında durğunluğu
aradan qaldırmaq mümkün deyil. Yaxın zamanlarda
bazarın bu seqmentində canlanmanın baş verəcəyi
gözlənilmir.
Sosial ipotekanın bərpası gözlənilmir
Mütəxəssis bildirir ki, 2008-ci ildə
dövlət büdcəsindən İpoteka Fonduna 34 milyon manat
vəsaitin ayrılması nəzərdə tutulmuşdu: “Ötən ilin
mayında vəsaitin 22 milyon manatı büdcədən fondun
hesabına köçürüldü. Fond bu vəsaiti yenidən
maliyyələşməyə yönəltdi. Nəticədə ipoteka krediti
verilmədiyi şəraitdə vəsaitin 65 faizi xərcləndi.
Başqa tərəfdən, əgər 34 milyon manat nəzərdə
tutulubsa və 22 milyon manat ayrılıbsa, belə halda
12 milyon manatın ayrılmaması əsaslandırılmalıdır.
12 milyon manat İpoteka Fondunun qalığı hesab
edilməli idi. 2009-cu ilin dövlət büdcəsində ipoteka
kreditləşməsi üçün 14 milyon manat ayrılıb. 2008-ci
ilin qənaəti nəzərə alınmaqla 26 milyon manat sosial
ipotekaların verilməsinə yönəldilə bilər. Buna
baxmayaraq, Mərkəzi Bank bu istiqamətdə 12 milyon
manat ayrılacağını söyləyir. 14 milyon manatın necə
olacağı isə qaranlıqdır”.
V.Bayramov sosial ipoteka proqramına
nə vaxt başlanacağına və bu yöndə vəsaitin nə zaman
ayrılacağına dair açıqlama verilmədiyini diqqətə
çatdırır: “Bu da əmlak bazarına psixoloji təsir
etmək məqsədi daşıyır. Mərkəzi Banka aydındır ki,
yaxın vaxtlarda sosial ipotekalar bərpa
edilməyəcək”.
“Yeni Musavat
“ |