Kredit faizləri Mərkəzi Bankın faiz
dərəcəsi ilə əlaqələndirilməlidir
VÜQAR BAYRAMOV: “KOMMERSİYA BANKLARININ FƏALİYYƏTİNƏ
NƏZARƏT GÜCLƏNDİRİLMƏSƏ, BANK SEKTORUNDA YENİ
BÖHRANDAN QAÇMAQ ÇƏTİN OLACAQ”
08:56 / 18.11.2009
Mərkəzi Bankın faiz dərəcəsinin 2 faiz
olmasına baxmayaraq kommersiya banklarının təklif
etdikləri istehlak və digər kreditlərin orta faiz
dərəcəsi 20-dir. Bu isə kommersiya kreditlərinin
faizi ilə MB-nin faiz dərərcəsi arasında 10 dəfə
fərqin olması deməkdir.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM)
idarə heyətinin sədri Vüqar Bayramov bildirib ki,
kommersiya banklarının faiz dərəcələrinin aşağı
salınmaması bank sistemində yeni böhrana yol aça
bilməklə yanaşı real sektorun da inkişafını
ləngidir: “Hazırda problemli kreditlər kommersiya
banklarının yaralı yeridir. İstehlak kreditlərinin
qaytarılmasında müşahidə edilən problemlər və
yubanmalar sadəcə bu kreditlərdən istifadə edən
vətəndaşların ödəmə qabiliyyətinin azalması ilə
deyil, eyni zamanda kommersiya banklarının uzun
müddət kifayət qədər bahali kredit siyasəti həyata
keçirməsi ilə bağlıdır. Qlobal maliyyə böhranından
öncə kommersiya banklarının təklif etdikləri
kreditlər üzrə faiz dərəcələrinin səviyyəsi heç bir
iqtisadi qanunla izah edilə bilməzdi. Qərb
ölkələrindən orta hesabla 8 faizlə kredit cəlb edən
yerli kommersiya bankları həmin vəsaitləri 24 faizlə
təklif edirdi; hətta bu faiz dərəcələri böhran
öncəsi 30 faizi də arxada qoymuşdu. Kommersiya
banklarının şişirdilmiş gəlir qazanmaq istəyi
Azərbaycanda qlobal maliyyə böhranın təsirlərinin
bankların bütün qurumlarından daha tez hiss etməsinə
səbəb oldu. Kommersiya bankları kreditləri
paylaşdıran zaman onun qaytarılması mexanizmini və
eləcə də mümkünlüyünü öncədən görməli idi. Aydındır
ki, bahalı kredit siyasəti dayanaqlı ola bilməz və
bu sadəcə qısa müddətli dövrdə səmərəlidir. Bu
baxımdan, Azərbaycanın bank sektorundakı böhran və
eləcə də kreditlərin qaytarılması problemi öncədən
proqnozlaşdırılırdı. Bu eyni zamanda ölkədə
kommersiya banklarının “Pramida prinsipi” ilə
işləməsi ilə bağlı idi. Qlobal maliyyə böhranı
pramidanın bir hissəsinin uçmasına və ümumilikdə
pramidanın dağılmasına səbəb oldu. Artıq böhranlı
kreditlərin ümumi kredit portfelində payı qlobal
standartları keçərək 4 faizdən artıqdır. Piramida
prinsipi real sektorun da inkişafına ciddi maneə
yaradır”.
V.Bayramov bildirib ki, təəssüf ki,
kommersiya bankları köhnə səhvləri təkrar edirlər:
“Aydındır ki, kommersiya banklarının likvidliyi
aşağıdır və onlar maliyyə resurslarına ciddi ehtiyac
duyur. Maliyyə resurslarının cəlb edilməsində də
problemlər var: xarici maliyyə mənbələri məhduddur,
əmanətlərin həcmində ciddi artımlar yoxdur və
istehlak kreditlərinin faizlərinin və ümumən
kreditlərin özünün geri qaytarılmasında problemlər
dərinləşir. Bununla belə, bu heç də kommersiya
banklarının “izafi gəlir” əldə etməyə
istiqamətləndirməməlidir. Bankların yenidən
sağlamlaşdırılması ölkədə real sektorun inkişafı və
kreditorların ödəmə qabiliyyətinin yüksəlməsi ilə
bilavastə bağlıdır. Bahalı kredit siyasətinin davam
etdirilməsi sahibkarlar üçün əlavə xərclər
yaratmaqla yanaşı kreditlər qaytarılmasında da
problemlər yaradır. Bahalı kredit siyasətindən
imtina kommersiya banklarını likvidliyinin uzun
müddətli dövrdə yüksəlməsinə səbəb ola bilər”.
İSİM rəhbəri təklif edir ki, kommersiya
banklarının uzun müddətli inkişafı və eləcə də yeni
böhranın yaranmaması üçün 2010-cu ildə Mərkəzi
Bankın bir sıra tədbirlər həyata keçirməsinə ehtiyac
var. Əvvəla, gələn ildən başlayaraq kommersiya
banklarının təklif etdiyi kredit faizləri ilə
Mərkəzi Bankin faiz dərəcəsi arasında müəyyən
müddətə əlaqənin yaradılması vacibdir. Artıq bəzi
Avropa ölkələrində belə asılılıq tətbiq edilir.
Hətta, Bosniya və Hersoqovinyada, Serbiyada,
Macarıstanda kredit faizlərini qeyri-leqal olaraq
yüksəldən banklara qarşı cərimələr tətbiq olunur.
Rusiyada da oxşar sistem qüvvədədir. Təbii ki,
liberal iqtisadiyyat kommersiya banklarının kredit
faizlərinə inizibati müdaxiləni məqbul hesab etmir.
Bununla belə, nəzərə almaq lazımdır ki, qlobal
maliyyə böhranı hətta Avropanın liberal ölkələrinin
də iqtisadi siyasətinə korrektələr etməsinə səbəb
olub. Bu baxımdan Mərkəzin Bankın faiz dərəcəsi ilə
kredit faizlərinin səviyyəsi arasında əlaqə heç də
bazar iqtisadiyyatının fundamental dəyərlərinə zidd
hesab edilməməlidir. Bununla yanaşı, belə əlaqənin
tətbiqi qısa müddətli dövrü əhatə etməlidir, uzun
müddətli olmamalıdır. Eyni zamanda kredit
faizlərinin tənzimlənməsi həyata keçirilərsə,
kommersiya banklarında “qara kredit bazarının”
yaradılmasının qarşısının alınması üçün MB banklara
nəzarəti gücləndirməlidir. Əks halda, belə inzibati
müdaxilələr kommersiya banklarının kreditləri “qara
bazar” metodu ilə təklif etməsinə səbəb ola bilər.
Əgər İqtisadi İnkişaf Nazirliyi süni qiymət
artımlarına qarşı mübarizə aparırsa, niyə Mərkəzi
Bank faiz dərəcələrinin süni artımların qarşı
mübarizə aparmamalıdır. Etiraf etmək lazımdır ki,
İqtisadi İnkişaf Nazirliyinin süni qiymət artımları
ilə mübarizəsi 2009-cu ildə səmərəli olub. Bu
baxımdan Mərkəzi Bankın da oxşar fəaliyyəti həyata
keçirməsi olduqca vacibdir”.
İqtisadçı-alimin fikrincə, kommersiya
banklarının kredit faiz dərəcələrinin Mərkəzi Bankın
faiz dərəcəsi ilə əlaqələndirilməsi böhran dövründə
müraciət edilən metodlardan biridir. Təbii ki,
böhrandan sonrakı dövrdə kredit faizlərini bazarın
müəyyənləşdirməsi yenidən bərpa olunmalıdır. Eyni
zamanda nəzərə almaq lazımdır ki, burada söhbət
sadəcə “kredit tavanının” müəyyənləşdirilməsindən
gedir və bu heç də kredit faizlərinin inzibati yol
ilə konkretləşdirilməsi deyil. Həmin “tavan”
daxilində kommersiya bankları kredit faizlərini
sərbəst şəkildə müəyyənləşdirə bilərlər.
V.Bayramov həmçinin bəzi kommersiya
banklarında kreditlər təklif edilən zaman
“qeyri-leqal ödənişlərə” qarşı mübarizənin
gücləndirilməsini təklif edir: “Kreditlərin bölgüsü
şəffaf deyil, institusional monitorinq imkanları
zəifdir. Bu isə kreditlərinin real sektoru
“bahalaşdırmasına” səbəb olur və eyni zamanda heç də
kredit almaq istəyən bütün vətəndaşların kreditlərə
çıxış imkanları olmur. Bank sektoru həssas
olduğundan Mərkəzi Bankın bu problemə qarşı
mübarizəni gücləndirməsi olduqca vacibdir. Əks halda
bu sektordakı problemlərin dərinləşməsi ehtimalları
yüksəlir”.
İSİM rəhbəri əlavə edib ki, kommersiya
banklarının fəaliyyətinə nəzarətin gücləndirilməsi
və onları bahalı kredit siyasətindən dayanaqlı
kredit siyasətinə istiqamətləndirilməsi olduqca
vacibdir. Əks halda banklar yeni böhran təhlükəsi
ilə üz-üzə qala bilərlər.
Ülkər NƏBİYEVA
“525” ci qəzet
|