|
|
|
Məbləğ 40 manat artırılarsa, 2012-ci ildə
Azərbaycan özünün taxıla olan tələbatını tam
ödəyəcək»
Hökumət 2007-ci ildən başlayaraq fermerlərə yanacaq
və motor yağlarına çəkilən xərcləri kompensasiya
etmək üçün subsidiya ayırır. Hazırda fermerlər
becərdikləri hər hektara görə 40 manat pul alırlar.
Bununla bərabər, əkin üçün lazım olan gübrələri 50
faiz güzəştlə əldə edirlər. 2008-ci ildən etibarən
isə hökumət əlavə olaraq buğda əkən fermerlərə daha
40 manat, yəni ümumilikdə 80 manat subsidiya verməyə
başlayıb.
Qeyd edək ki, hökumətin yanacaq xərclərini
kompensasiya etməkdə əsas məqsədi taxıl və digər
mühüm kənd təsərrüfatı məhsullarının becərilməsinə
marağı artırmaqdır. Amma İqtisadi və Sosial İnkişaf
Mərkəzi (İSİM) hesab edir ki, hazırda ayrılan
subsidiyalar strateji məhsullar olan taxıl və
pambığın becərilməsini stimullaşdırmaq üçün yetərli
deyil. Mərkəzin təhlillərinə görə, daha çox taxıl və
pambıq yığımına nail olmaq üçün subsidiya xərclərini
müvafiq olaraq 1,5-2 dəfə artırmaq lazımdır.
İSİM rəhbəri Vüqar Bayramovun fikrincə, taxıl əkini
üçün 120 manat, pambıq becərilməsi üçün isə 80 manat
subsidiya verilsə, bu, onların yanacaq xərclərinin
tam ödənilməsinə imkan verəcək. Onun sözlərinə görə,
rəhbərlik etdiyi təşkilat bu məbləği hesablayan
zaman praktiki modellərdən istifadə edib: “Bizim
hesablamalarımıza görə, taxıl əkən fermerlərə
yanacaq xərci üçün əlavə 32 manat verilsə, bu
istiqamətdə olan xərclər tam ödənilər. Sadəcə,
yuvarlaq olaraq 40 manat əlavə edilməsini təklif
edirik. Burada əsas məqsəd ondan ibarətdir ki, taxıl
əkini ilə məşğul olan fermerlərin gəliri xərcindən
çox olsun. Bu məbləği hesablayan zaman dünya
bazarında qiymət dəyişikliyi də nəzərə alınıb. Belə
ki, bazarda taxılın qiymətinin ucuzlaşdığı halda
onun istehsalına çəkilən xərc əsasən əvvəlki kimi
qalıb”.
V.Bayramov hesab edir ki, aqrar bölməyə subsidiyanın
verilməsi itki anlamını vermir. Onun qənaətincə, bu
sahəyə ayrılan vəsait nəticədə ümumi daxili məhsulun
həcminin artmasına xidmət edir. Dövlət büdcəsi isə
bu artım hesabına subsidiya üçün ayrılan vəsaiti
yenidən qazanır. Həmçinin, kənd təsərrüfatı
məhsullarının istehsal həcmi yüksəlir. V.Bayramovun
fikrincə, əgər taxıl istehsalçıları üçün
subsidiyanın məbləği 40 manat artırılarsa, ən geci
2012-ci ildə Azərbaycan özünün taxıla olan
tələbatını tam ödəyəcək. İqtisadçı hesab edir ki,
taxılla bərabər pambıq becərilməsi üçün də xüsusi
subsidiya ayrılmalıdır. Onun fikrincə, pambığın da
taxıl kimi strateji məhsul olması bunu zəruri edir:
“2008-ci ildə Azərbaycanda pambıq istehsalı son 40
ildə ən aşağı həddə düşüb. Ötən il cəmi 40 min ton
pambıq yığılıb. ABŞ-da pambıq əkini üçün dövlət
büdcəsindən 6 milyard dollar vəsait ayrılıb. Amma
bununla belə ABŞ-da pambıq hələ də rəqabətə davamlı
deyil. Bazar tapmaqda çətinlik çəkir. Azərbaycan
pambığı üçün isə bazar tapmaq çətin deyil.
Ona görə də pambıqçılığın qorunması üçün bu sahəyə
də hökmən subsidiya ayrılmalıdır”. Qoyulan məsələ
ilə əlaqədar fikrini öyrəndiyimiz Sahibkarlar
(İşəgötürənlər) Təşkilatları Milli
Konfederasiyasının (STMK) baş katibi Əlipaşa
Qaybalıyev hesab edir ki, əsas olan yardımın məbləği
deyil:
«Aqrar sahədə olan problemlər kompleks həll
olunmalıdır. Ola bilər ki, fermerə, kəndçiyə hər
hektara görə 200 manat pul verilsin. Əgər yığılan
məhsulu satmaq mümkün deyilsə, şəraitsizlik
ucbatından onun müəyyən hissəsi xarab olursa,
verilən yardım, yığılan bol məhsul da öz
əhəmiyyətini itirəcək”. Ə.Qaybalıyevin fikrincə,
istehsalçıya güzəşt, yardım edildiyi kimi ona
sifariş də verilməlidir: “İstehsalçı əmin olmalıdır
ki, yetişdirdiyi məhsul yığılıb qalmayacaq, onu qane
edən qiymətə satacaq.
Dövlət strateji əhəmiyyət daşıyan kənd təsərrüfatı
məhsullarının alışı ilə bağlı əvvəlcədən sifariş
verməlidir”. Konfederasiya rəsmisi yanacaq və motor
yağları üçün ayrılan subsidiyanın yetərli olmadığını
da dedi. Onun fikrincə, vəsaitin bütün məhsul
növləri üzrə eyni paylanması da düzgün deyil.
Ə.Qaybalıyev subsidiyaların məhsullar üzrə
fərqləndirilməsini daha doğru hesab edir.
Ə.Qaybalıyev də hesab edir ki, pambıq əkini üçün
əlavə subsidiyanın ayrılması səmərəli olardı:
“Pambığın çiyidi əkiləndən sonra noyabr ayına qədər
(pambıq yığılana qədər) pambıq sahəsinə mütəmadi
qulluq lazımdır. Bunun üçün hər ay əməkhaqqı alan
işçiyə ehtiyac var. Sonra onun yığımı da böyük əmək
qüvvəsi tələb edir. Bütün bunlar isə böyük maliyyə
vəsaiti hesabına mümkün olur”. Kənd Təsərrüfatı
Nazirliyinin şöbə müdiri Sabir Vəliyev isə bu il
subsidiyanın məbləğində artım olmayacağını bildirdi.
Onun sözlərinə görə, böhranla bağlı olaraq
səsləndirilən təkliflərin reallaşdırılması
çətinləşib: «Digər tərəfdən kompensasiyanın indiki
məbləği yanacaq və motor yağları ilə bağlı xərcləri
ödəyir».
Müəllif: Vasif
Cəfərli
“Mərkəz”
|