Hansı banklara etibar etməli?
Vüqar Bayramov: «Vətəndaş 30 min manat civarında
əmanətinni 15 faizlə yerləşdiribsə, narahatlığa əsas
yoxdur»
«Azərbaycan banklarına etibar etmək olar»
09 -09 -2009
Sovet hakimiyyəti süquta uğrayandan sonra
vətəndaşların banklara inamını azaldan bir neçə
hadisə baş verdi. Sovet bankına qoyulan əmanətlərin
geri qaytarılmaması, «Vahidbank» fırıldağı bankların
əhali qurpları ilə rahat işləməsinə problemlər
yaradırdı.
Lakin son 4-5 ildə kredit bazarının genişlənməsi
kommersiya banklarının formalaşmasında və inkişafına
yardım etdi. Əlbəttə, iqtisadiyyatınn inkişafı üçün
ölkənin maliyyə sektoru sayılan özəl bankların
inkişafı vacib amillərdən biridir. Kreditlər
hesabına özlərinin nizamnamə kapitalını
genişləndirməyi baracan kommersiya qurumları müəyyən
kampaniylar sayəsində vətəndaşlardan əmanətlər cəlb
etməyi bacardılar.
Hazırda ölkədə kommersiya banklarının sayı 46-ya
çatıb.
Onların 1-i dövlət, 45-i isə özəldir. Xarici
kapitalın iştirakı ilə 23 bank fəaliyyət göstərir. «İqtisadi
forum»un araşdırmasına görə, hazırda xarici kapital
7 bankın nizamnamə kapitalının 50 faizdən 100
faizinə qədərini, 14 bankın nizamnamə kapitalının
isə 50 faizdən az olan hissəsini təşkil edir.
Bu qurumlarda vətəndaşların 4 milyard manata qədər
depoziti saxlanılır. Qlobal maliyyə böhranı
ərəfəsində bank sektorunda yaranan vəziyyət
əmanətçilər arasında yenidən təşviş yaratdı və əhali
sürətlə öz depozitlərini banklardan geri çəkməyə
başladılar. Hətta bəzi kiçik bankların
müflisləşəcəyilə bağlı proqnozlar da yer almağa
başladı. Əslində keçirilən tərəddüd də normaldır.
Çünki yaxın keçmişdə Azərbaycanda banklarda
əmanətləri batmış vətəndaşların sayı az deyil. O
zaman vətəndaşlar hansı banklara inanmalı, hansı
şərtlərə etibar etməlidir?
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar
Bayramov «Əmanətlərin Sığortalanması haqqında»
Qanuna əsaslanaraq, hazırda banklarda əmanətlərin
saxlanmasının etibarlı olduğunu bildirdi. Lakin bir
şərtlə ki, həmin kommersiya bank Əmanətlərin Sığorta
Fondu üzv olsun. V.Bayramov, həmçinin əmanətçilər
depoizt qoyarkən bir sıra amillərin də nəzərə
alınmasını vacib saydı: «Banklara yerləşdirilən
əmanətlərin taleyi vətəndaşlar üçün çox vacibdir.
Əmanətçilər əmanətləri banka yatırarkən şərtlərə
diqqət yetirməlidirlər. Bilməlidirlər ki, kommersiya
bankları 15 faizdən artıq divident vermir. Çünki 15
faizdən artıq verilən dividentlər sığortalanmır.
Bundan başqa kommersiya banklarına yerləşdirilən və
sığortalanan əmanətlərin həcmi 30 min manatdan artıq
deyil. Əgər vətəndaş 30 min manat civarında 15 faizə
qədər əmanət yerləşdiribsə, bununla bağlı hansı
bankdan asılı olmayaraq, narahatlığa əsas yoxdur».
V.Bayramov bəzi banklarda yaranan problemləri
qeyri-obyektiv səbəblərlə bağladı: «Belə banklar
ətrafında baş verən hadisələr əmanətlərə qarşı
təhlükələrin artması ilə bağlı deyil. Təbii ki,
sığorta olunmayan əmanətlərin batması təhlükəsi var.
Əgər bank müflis olubsa, əmanət sığorta olunmayıbsa,
həmin vəsaitin batması ehtimalı çoxdur. Çünki
qaytara biləcək, zəmanət olacaq qurum yoxdur. Ona
görə də vətəndaşlar əmanətlərini banka
yerləşdirməzdən öncə həmin kommersiya qurumunun
Əmanətlərin Sığortalanması Fonduna üzv
olub-olmadığını yoxlamalıdır». Onun sözlərinə görə,
vətəndaşlar habelə yüksək faiz təklif edən banklara
da meyil etməməlidir: «15 faizdən yuxarı təklif
edilən şərtlərlə əmanətlərin qoyuluşu sərfəli deyil.
İlk baxışdan cəlbedici ola bilər, amma onun
etibarlılığına zəmanət yoxdur.
Banklarda problemlərin yaranmasının səbəbi, əsasən,
kredit verərkən qanunsuzluqlara və rüşvət hallarına
kifayət qədər yol vermələridir. Bir çox hallarda
kredit verilərkən onun qaytarılması imkanları
yoxlanılmır. Bu, əksər bankların problemidir.
Yuxarıda deyilən şərtləri nəzərə alsalar,
vətəndaşlar öz əmanətləri üçün narahat olmaya
bilərlər».
Vüsalə RÜSTƏMOVA
“Bizim yol”
|