Bu il neftin qiymətinin artması gözlənilmir

 

Vüqar Bayramov: "Qərb 2009-cu ildə "yumşaq böhran"a hazırlaşır, bu vəziyyət neftin qiymətinin artmasına imkan verməyəcək"

Neftin qiymətinin qalxacağına bəslənən ümidlər özünü doğrultmayıb. Ötən gün dünya bazarında neftin qiyməti ucuzlaşıb. Nyu-York əmtəə birjasında Texas markalı qara qızılın bareli 40 dollar 84 sent, London birjasında Brend markalı neft isə 43 dollar 57 sentə təklif olunur. Yanvarın 21-də "Azərilayt" markalı Azərbaycan nefti isə 45 dollar 31 sentə satılıb. Bəs neftin qiymətinin ucuzlaşması nə zamana qədər davam edə bilər? Bu proses Azərbaycan büdcəsinə və iqtisadiyyatına necə təsir göstərəcək?

Məsələ ilə bağlı fikirlərini öyrəndiyimiz iqtisadçı ekspert Vüqar Bayramov deyir ki, 2009-cu ildə neftin qiymətinin yüksəlməyəcəyilə bağlı proqnozlar hələ ötən ildən verilməyə başlayıb.  9Bu da 2009-cu ildə qlobal maliyyə böhranının başa çatmasının güman edilməməsiylə bağlı olub. Qlobal maliyyə böhranı neftin qiymətinin aşağı düşməsinin əsas iqtisadi səbəbidir. ABŞ və digər aparıcı Qərb ölkələrində kifayət qədər ciddi böhran müşahidə edilir. Qərbin məşhur şirkətlərində də ixtisarlar aparılır. Yalnız ABŞ-ın "General Motors" və "Ford" şirkəti qlobal maliyyə böhranı başladıqdan sonra öz istehsal güclərini 30 faizə endiriblər. Bu da qlobal səviyyədə neftə tələbatın azalmasına gətirib çıxarıb. Hətta OPEK-in keçən il dekabrın 16-da gündəlik hasilatın 2,6 milyon barrel azaldılması barədə qərarı neftin qiymətinin nəinki yüksəlməsinə, hətta stabilləşməsinə belə imkan verməyib. İqtisadçı dedi ki, əgər 2008-ci ildə neftin qiymətinin aşağı düşməsi birbaşa siyasi amillərlə bağlı olubsa, artıq siyasi səbəblərlə yanaşı iqtisadi səbəblər var. Nəzərə alınmalıdır ki, qlobal maliyyə böhranı daha çox ABŞ-da özünü göstərir. ABŞ da gündəlik satılan neftin 40 faizini istehlak edir. Bu da hər yüz barelin 40 barrelini ABŞ-ın alması deməkdir. Ona görə də bu ölkədə neftə tələbatın aşağı düşməsi qiymətlərə təsir göstərir.

Digər tərəfdən, baxmayaraq ki, qış aylarında inkişaf etməkdə olan ölkələrdə neftə tələbat artır, ABŞ-da tələbat azalır. Çünki ABŞ-ın istilik sistemində neftdən istifadə olunmur. Daha çox kömür və dijər enerji daşıyıcılarına üstünlük verilir. Bu da neftin qiymətinin stabilləşməsinə yol açmır.

Vüqar Bayramov nəzərə çatdırdı ki, Rusiyanın Maliyyə Nazirliyi 2009-cu il üçün neftin bir barelinin qiymətinin 50 dollar olacağını proqnozlaşdırıb. Qazaxıstanın proqnozu 40 dollardır. Azərbaycan Maliyyə Nazirliyi daha nikbindir. Maliyyə Nazirliyinin təklifiylə 2009-cu il üçün Azərbaycanın dövlət büdcəsində 1 barel neftin qiyməti 70 dollar götürülüb. Bu da ondan xəbər verir ki, Azərbaycan Maliyyə Nazirliyi 2009-cu ildə neftin qiymətinin yüksələcəyilə bağlı 2008-ci ildə proqnoz verib. Çox təəssüf ki, bu gün neftin qiymətinin yüksələcəyilə bağlı nikbin olan yalnız Azərbaycan Maliyyə Nazirliyi və hökumətimizdir. Hətta ABŞ-ın aparıcı tədqiqat institutları belə neftin qiymətinin 2009-cu ildə ən yaxşı halda 50 dollar olacağıyla bağlı proqnoz veriblər. Yaxın Şərq ölkələrində neftin 1 barelinin qiyməti büdcədə 30 dollar nəzərdə tutulub. Bu da kifayət qədər pessimist proqnoz sayıla bilər. O baxımdan Azərbaycanda neftin qiymətiylə bağlı verilən proqnozlar real sayılmır. Həm də nəzərə alınmalıdır ki, İqtisadi İnkişaf Nazirliyinin hazırladığı inkişaf strategiyasında Azərbaycan iqtisadiyyatının inkişafı üç variant üzrə proqnozlaşdırılıb. Həmin variantlar birbaşa neftin dünya bazar qiymətiylə uyğunlaşdırılıb. Nikbin proqnozda İqtisadi İnkişaf Nazirliyinin ekspertləri hesab ediblər ki, neftin 1 barelinin qiyməti nikbin variantda 120 dollar, orta variantda 100 dollar, bədbin proqnozda 80 dollar olacaq. Amma bir neçə ay keçəndən sonra məlum olub ki, əslində İqtisadi İnkişaf Nazirliyinin bədbin proqnozu nəinki Azərbaycan, hətta dünya üçün kifayət qədər nikbin proqnoz sayıla bilər.

Məhz bunun nəticəsidir ki, hazırda millət vəkilləri büdcədə neftin 1 barelinin qiymətinin 70 dollardan 50 dollara salınması məsələsini müzakirə edirlər. Neftin qiymətiylə bağlı həm iqtisadi inkişaf strategiyasında, həm də dövlət büdcəsində proqnozların reallığa uyğunlaşdırılması olduqca vacibdir. 2009-cu ildə qlobal maliyyə böhranının davamı proqnozlaşdırıldığı üçün neftin qiymətində artım gözləmək yersizdir. ABŞ-da 2009-cu ilin birinci yarısında real sektorda müşahidə olunan tənəzzülün də qarşısını almaq mümkün deyil. Prezident Barak Obamanın da ABŞ-da müşahidə olunan iqtisadi problemin yaxın aylarda, hətta yaxın illərdə tamamilə həll edilməyəcəyilə bağlı açıqlaması da ondan xəbər verir ki, Vaşinqton yaxın aylarda qlobal böhranın aradan qaldırılacağına inanmır. Faktiki son yüz ilin ən güclü böhranı sayılan qlobal maliyyə böhranının qarşısını qısa müddətdə almaq mümkün deyil. ABŞ "yumşaq böhran" modelindən yararlanmağa çalışır. Bu gün qlobal böhranın davam etməsinə baxmayaraq, yavaş-yavaş gündəmdən çıxmasının səbəblərindən də biri odur ki, Qərb "yumşaq böhran" mərhələsinə daxil olmağa hazırlaşır. Ötən ilin noyabr ayında Vaşinqtonda dünyanın 20 ölkəsi qlobal maliyyə böhranının aradan qaldırılmasıyla bağlı təcili müzakirələr aparıblar. Həmin görüşün nəticəsində bəyannamə imzalanması gerçəkləşməsə də, bütün hallarda bu, dünyanın qlobal maliyyə böhranından narahatçılığını göstərib. Ancaq bu gün həmin narahatçılıq duyulmur: "Bütün bunlar göstərir ki, 2009-cu ildə Qərbdə "yumşaq böhran" müşahidə olunacaq. "Yumşaq böhran" da neftə tələbatın artmasına imkan verməyəcək. Bu da o deməkdir ki, ABŞ "yumşaq böhran" dövründə qlobal böhranın nəticələrini minimuma endirməyə çalışacaq. ABŞ-da 2010-cu ilin əvvəllərində böhranın nəticələrini aradan qaldırmağın mümkün olacağını proqnozlaşdırırlar. 2010-cu ilin birinci rübündə ABŞ-da iqtisadi artım da proqnozlaşdırılır".

Vüqar Bayramov bildirdi ki, bütün hallarda 2009-cu ildə Qərb ölkələri "yumşaq böhran" dövrünü yaşamaq istəyir. Bunun da iqtisadi səbəbləri var. Çünki "yumşaq böhran" Qərb ölkələrinin hökumətlərinə yeni yardım paketləri həyata keçirməyi tələb etmir. İkincisi "yumşaq böhran"la ABŞ real sektorda tədricən stabilləşməyə nail ola biləcək: "O baxımdan "yumşaq böhran" neftin qiymətinin artmasına imkan verməyəcək. Hətta OPEK yenə də gündəlik hasilatın azaldılmasıyla bağlı qərar qəbul edərsə, bu, neftin qiymətinin kəskin artmasına zəmin yaratmayacaq. Bütövlükdə, 2009-cu ildə neftin qiymətiylə bağlı nikbin proqnoz 1 barelin 50 dollara satılmasıdır. Orta qiymət 50 dollar olarsa, bu, kifayət qədər nikbin proqnoz sayılır".

Vüqar Bayramova görə, Qərb ölkələrinin "yumşaq böhran"a qədəm qoyması həm də onunla əlaqədardır ki, həmin ölkələr neftin qiymətinin yüksəlməsində maraqlı deyillər. Bununla Qərb ölkələri təbii ehtiyatlar hesabına diktatura rejimləri quran, işğallara əl atan, eyni zamanda Qərb üçün dost olmayan ölkələrə təsir etməyə çalışırlar: "Məsələn, ABŞ bu gün neftin qiymətinin yüksəlməsində ona görə maraqlı deyil ki, bu, Rusiyanın gəlirlərinin kəskin artmasına gətirib çıxarır. Yalnız qlobal maliyyə böhranı başladıqdan sonra neftin qiymətinin aşağı düşməsi son altı ayda Rusiyanın ümumdaxili məhsulunun (ÜDM) 10 faizinin itirilməsinə gətirib çıxarıb. Neftin qiymətinin kəskin qalxması belə ölkələrin güclənməsinə yol açar. Ona görə də bu il ABŞ neftin qiymətinin kəskin yüksəlməsinə imkan verməyəcək. Bu səbəbdən də yaxın aylarda neftin qiymətinin yüksəlməsi gözlənilmir. 2009-cu ildə neftin qiyməti 50 dollar civarında stabilləşərsə, bu, 2010-cu ildə neftin qiymətinin yüksəlməsinə zəmin yarada bilər".

www.gunaz.tv
Şənbə, 24 Yanvar, 2009 - 03:59

 

 

 

 


 

Media/ Videolar/Fəaliyyətlər


 

       

Oktyabrın 17-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün ilk seminarına toplandı. Tələbələrin qonağı bu dəfə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti Sədri Vüqar Bayramov idi. QonaqAFU tələbələri ilə birlikdə müxtəlif mövzular ətrafında maraqlı və canlı müzakirələr apardı. Vüqar Bayramov tələbələri iqtisadiyyatla bağlı bəzi müasir nəzəriyyələrlə tanış etdi. Xüsusiylə klassik, Keynsçi və Çikaqo məktəblərinə yer ayıran mühazirəçi eyni zamanda tələbələrə bu nəzəriyyələrin maraqlı aspektlərindən danışdı

   

Noyabrın 14-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün növbəti görüşünə toplandı. Bu dəfəki mövzu dövlət sərmayələri, klubun qonağı isə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti üzvü Elçin Rəşidov idi. Elçin Rəşidov ilk öncə sərmayə və onun fəlsəfəsi, sərmayələrin məqsəd və vəzifələri haqqında tələbələrə söhbət açdı. Daha sonra görüş iştirakçıları dövlət sərmayələri və özəl sərmayələr haqqında müzakirə apararaq onların fərqli və oxşar cəhətlərinə toxundular.

       

İqtisadiyyat Klubu / Vüqar Bayramov from afumedia on Vimeo.

   

Economics Club / Elchin Rashidov from afumedia on Vimeo.