Vüqar Bayramov: “Xaricdən kredit
alınması üçün zəminin nə olduğunu izah etmək
çətindir"
Dünya Bankı (DB) Azərbaycanda şosse yollarının
təmiri üçün 300 milyon dollar həcmində kredit ayırıb.
Bundan əlavə, bank Azərbaycanı Rusiya və İranla
birləşdirən yolların modernləşdirilməsinə də əlavə
maliyyə ayırmağı planlaşdırır. Yeri gəlmişkən, DB
eyni vaxtda Qırğızıstana da 8 milyon dollar kredit
nəzərdə tutub. Lakin Azərbaycandan fərqli olaraq
rəsmi Bişkək vəsaiti kənd təsərrüfatının inkişafına
yönəldəcək.
Nəzərə çatdıraq ki, Azərbaycana ayrılan bu kredit
beynəlxalq maliyyə qurumlarından il ərzində alınan
ilk borc öhdəliyi deyil.
DB-nin Direktorlar Şurası təhsil sistemində
islahatların davam etdirilməsi üçün hökumətə iki gün
öncə 25 milyon dollar məbləğində kredit ayırdı.
Bundan əvvəl - martda isə maliyyə sisteminin
modernləşdirilməsi layihəsinə 10 milyon dollar,
dəmiryolu infrastrukturunun yaxşılaşdırılmasına, o
cümlədən kənd investisiyaları layihəsinə 476 milyon
dollar, bölgələrdə su təchizatı və kanalizasiya
sistemlərinin yaxşılaşdırılmasına 260 milyon dollar
məbləğində kredit vermişdi.
Hökumətin böyük həcmdə borclanmaya getməsi dövlət
büdcəsindən bu istiqamətə ayrılan vəsaitlərin
çoxalmasına gətirib çıxarıb. Əbəs deyil ki, hökumət
tərəfindən parlamentə təqdim edilən yeni büdcə
layihəsində daxili və xarici borcların
qaytarılmasına ayrılan vəsaitin ümumi məbləği 218
milyon manat təşkil edir. Xarici ölkələrdən alınan
kreditlərin qaytarılmasına 46,2 milyon manat,
beynəlxalq maliyyə kredit təşkilatlarından alınan
kreditlərin qaytarılmasına isə 150,9 milyon manat
nəzərdə tutulub. Bu vəsaitin 99,3 milyon manatı faiz
borclarıdır.
Problemin digər tərəfi kreditlərin əsasən
infrastruktur layihələrinə yönəldilməsidir. Belə ki,
dünyada ərzaq böhranının yaranması ilə əlaqədar
region dövlətləri xarici borclanmaya əsasən
sosial-iqtisadi vəziyyəti yaxşılaşdırmaq, aqrar
sektoru inkişaf etdirmək məqsədilə getdikləri halda
Azərbaycanda kreditlər yol çəkilişinə, məktəb
tikintisinə sərf olunur.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri
Vüqar Bayramov deyir ki, DB ilə hakimiyyət arasında
əldə edilən razılaşma Azərbaycanda infrastrukturun,
o cümlədən yolların yaxşılaşdırılmasına yardım
göstərməyə yönəlib: “Belə bir anlaşma təkcə Dünya
Bankı ilə deyil, digər maliyyə qurumları - Asiya
İnkişaf Bankı ilə də əldə olunub. Həmin
təşkilatların infrastruktura maliyyə ayırması həm də
onların maraqları ilə bağlıdır. Lakin razılaşma
hökumətlə qurum arasında imzalanır. Burada kredit
alan tərəfin mövqeyi önəmlidir. Məsələn, Rusiya
DB-dən aldığı vəsaitləri sosial sferaya, Mərkəzi
Asiya ölkələri isə aqrar sektorun inkişafına
yönəldir. Bu da onu göstərir ki, vəsaitlərin
alınmasında həmin dövlətlərin hökumətlərinin rolu
böyükdür. Azərbaycanda isə hökumət kreditləri o
istiqamətlərə sərf edir ki, orada xərclərin
izlənməsini həyata keçirmək mümkün deyil. Büdcədə
infrastruktur üçün nəzərdə tutulan vəsaitlərin 40
faizinin iqtisadi təsnifatı yoxdur”.
Ekspertin sözlərinə görə, hər hansı sahəyə kredit
ayrılmasında həmin sektora rəhbərlik edən şəxslərin
təsir imkanları genişdir: “1999-2000-ci illərdə
səhiyyəyə xeyli həcmdə kredit ayrılırdı. Bu,
səhiyyəyə rəhbərlik edən şəxslərin təsir gücü ilə
bağlı idi. Hazırda kreditlərin nəqliyyat sektoruna
yönəldilməsinin arxasında məhz həmin məsələ dayanır.
Eyni zamanda digər hökumət qurumları da vəsaitlərin
nəqliyyat sektoruna verilməsində maraqlıdır. Bu,
həyata keçirilən xərcləmələrin iqtisadi təsnifatının
olmaması ilə bağlıdır”.
V.Bayramov yol çəkilişinə, infrastrukturun
yaxşılaşdırılmasına büdcədən də böyük həcmdə
vəsaitlərin nəzərdə tutulduğunu diqqətə çatdırdı:
“Milli Məclisə təqdim edilən yeni layihədə ən çox
xərc artımı tikinti xərcləri üzrə baş verib. Tikinti
xərcləri bu ilki büdcə üçün 2,857 milyard manat
nəzərdə tutulurdusa, indi 4,343 milyard manata qədər
artırılıb. Bu isə təxminən 52 faiz artım deməkdir”.
İqtisadçı-ekspertin sözlərinə görə, Azərbaycan
hökumətinin DB-dən aldığı kreditlərin xərclənmə
istiqamətləri çox şübhəli və mürəkkəbdir:
“Beynəlxalq maliyyə qurumlarından alınan vəsaitlər
səmərəli xərclənmədiyi üçün onların ölkənin
inkişafına təsiri yoxdur. Problemin digər tərəfi
Azərbaycanın xarici borclarının sürətlə artmasıdır.
Yalnız 2007-ci ildə xarici borclar 16 faizə yaxın
artıb. Son məlumatlara görə, borclar 2,5 milyard
manata çatıb. Adambaşına düşən borc 300 dollardan
çoxdur. 2008-2009-cu illərdə hökumət yalnız DB-dən 1
milyard 290 milyon dollar kredit almağı nəzərdə
tutub. Kifayət qədər böyük məbləğdir. Həmin
vəsaitlərin alınması üçün zəminin nə olduğunu izah
etmək çətindir.
Hökumət büdcə xərclərini təxminən 40 faizə qədər
artırmağı nəzərdə tutduğu, o cümlədən başqa ölkələrə
kredit verdiyi və bir sıra humanitar layihələri
maliyyələşdirəcəyini açıqladığı bir zamanda xarici
borclanmaya gedir. Rəsmi iddialara görə, hazırda
bütövlükdə dünyada valyuta dəyərdən düşür.
Bildirilir ki, bu gün alınan dollarlar 5-10 ildən
sonra qaytarılacaq dollarlarla eyni olmayacaq. Amma
nəzərə almaq lazımdır ki, DB və digər maliyyə
qurumları Azərbaycana kreditləri kommersiya şərtləri
ilə verirlər. Bu şəkildə borclanmaya gedilməsi ölkə
üçün ciddi maliyyə itkiləridir”. Kreditlərin uzun
müddətə verildiyini deyən İSİM rəhbəri bildirdi ki,
2015-ci ildə Azərbaycan xarici borcların
qaytarılması problemi ilə üzləşə bilər: “2015-ci
ildə ölkədə neft hasilatı 2010-cu illə müqayisədə
təxminən 2 dəfə azalacaq. O cümlədən alternativ
enerji mənbələrinin axtarılması ilə bağlı göstərilən
illərdə neftin qiyməti ilə bağlı proqnozlar ürəkaçan
deyil”.
yeni musavat
|