Böhranın ikinci dalğası gəlir
23 January, 2010, 12:22
«2009-cu illə müqayisədə 2010-cu ildə Azərbaycan
iqtisadiyyatı xarici faktorlardan daha asılı
vəziyyətə düşəcək»
Dünya iqtisadiyyatının stimullaşdırılmasının
vaxtından əvvəl dayandırılması böhranın ikinci
dalğasını şərtləndirə bilər. BVF-nin rəhbəri Dominik
Stross-Kan bu yöndə bəyanatla çıxış edib. Qlobal
iqtisadiyyatın növbəti dəfə böhran yaşaması
ehtimalının olması barədə xəbərdarlıq edən
Stross-Kan bildirib ki, hökumətlərin milli
iqtisadiyyatın artımını şərtləndirən stimullaşdırıcı
tədbirlərdən imtina etməsi, hələ ki tezdir: “Biz çox
ehtiyatlı olmalıyıq, çünki indiki artım çox
kövrəkdir”. Stross-Kanın fikrincə, Çin və başqa
Asiya ölkələri inkişafın lokomotividir, onların
ÜDM-nin artım tempi böhrandan əvvəlki həddə çata
bilər. BVF rəhbəri hesab edir ki, inkişaf etməkdə
olan ölkələrin dövriyyəyə buraxdığı ucuz pullar
dünya iqtisadiyyatının riskini artırır. Bu isə
bazarlarda yeni köpük yaradır.
Onun qənaətincə, dövlət borcunun yüksək səviyyəsi
probleminin həlli bir çox ölkələrin hökumətləri üçün
prioritet vəzifə olacaq. Stross-Kanın gümanına görə,
BVF bu il dünya ÜDM-nin artım proqnozunu artıracaq.
Xatırladaq ki, BVF-nin sonuncu proqnozuna görə,
2010-cu ildə qlobal iqtisadiyyat 3,1 faiz artacaq.
Bu arada vurğulayaq ki, hələ ötən ilin ortalarından
bir çox beynəlxalq ekspertlər böhranın ikinci
dalğasının qarşıda olduğunu söyləyirdilər. Məsələnin
acınacaqlı tərəfi isə Azərbaycan kimi ölkələrin
böhranın növbəti təsirlərindən sığortalanmamasına
dair proqnozların olmasıdır.
Iqtisadçı-ekspert Vüqar Bayramov bildirir ki,
2010-cu il 2009-cu illə müqayisədə qlobal
iqtisadiyyat üçün daha nibkin olacaq: “Bu, birbaşa
bir sıra ölkələrdə, o cümlədən ABŞ-da iqtisadi artım
meyillərinin hiss olunması ilə bağlıdır. Eyni
zamanda dekabr ayının yekunlarına görə, Birləşmiş
Ştatlarda pərakəndə satışın həcmi təxminən 3 faizə
qədər artıb. Artıq ABŞ-da böhranın dalğasının
müəyyən qədər yumuşalması hiss olunur. Bununla belə
təbii böhran başa çatmayıb. Böhranın təsirləri yenə
də hiss edilməkdədir. Bütövlükdə güman etmirəm ki,
2010-cu ilin ikinci yarısından dünyada böhran daha
da şiddətlənəcək və böhranın ikinci dalğası
başlayacaq”.
Iqtisadçının rəyinə görə, 2010-cu il də maliyyə
böhranı ili kimi yadda qalacaq: “Buna baxmayaraq
böhranın 2-ci dalğasının başlaması ehtimalı azdır.
Indiki real vəziyyət, eləcə də ABŞ dollarının son
dövrlər güclənməsi, cari il üçün ABŞ dolları ilə
bağlı proqnozun nibkin olması dünyada maliyyə
böhranının müəyyən qədər səngiməsindən xəbər verir”.
Azərbaycana gəlincə, ekspert deyir ki, böhran ölkəyə
iki istiqamətdə təsir edir: “Birincisi, qlobal
maliyyə böhranı bir böhran olaraq bütün ölkələrə, o
cümlədən Azərbaycana da təsir göstərir. Bu həm
xarici investisiya qoyuluşlarının azalmasında, həm
maliyyə sektorunda problemlərin yaşanmasında,
xaricdən kreditlərin cəlbinin çətinləşməsində, pul
qıtlığının yaranmasında özünü göstərir. Bundan
əlavə, qlobal maliyyə böhranı Azərbaycana daha çox
neftin qiyməti ilə təsir göstərir. Amma 2010-cu ildə
qlobal iqtisadiyyatda baş verən dəyişikliklərin
Azərbaycana təsirləri 2009-cu illə müqayisədə heç də
neqativ olmayacaq. Bu da birbaşa onunla bağlıdır ki,
əgər ötən ilin əvəllərində neftin 1 barrelinin
qiyməti 35 dollara qədər azalmışdısa, 2010-cu ildə
neftin qiyməti 78 dollardır. Bu il neftin dünya
bazar qiymətlərində kəskin azalmaların baş verəcəyi
güman olunmur. Hər halda OPEK və inkişaf etməkdə
olan ölkələr neftin dünya bazar qiyməti üçün 80
dolları ədalətli qiymət sayırlar”.
Neftin dünya bazar qiymətinin yüksək olmasının neft
satışından daxilolmaların artmasına gətirib
çıxaracağını vurğulayan V.Bayramov deyir ki, 2010-cu
il Azərbaycan iqtisadiyyatını proqnozlaşdırdıqda bu
ilin birinci rübü daha çox pul qıtlığı ilə yadda
qalacaq: “Bu, həm də onunla bağlıdır ki, 2009-cu
ilin büdcəsinin formalaşmasında problemlər müşahidə
edilib. Eyni zamanda büdcədən kənar fondlar üzrə
büdcə profsiti yaranmır, 2010-cu il dövlət
büdcəsindən maliyyələrin açılması müəyyən vaxt tələb
edir. Bütün bunlar bu ilin ilk aylarında pul
qıtlığının yaranmasına gətirib çıxarıb”.
Mütəxəssisin fikrincə, ölkə iqtisadiyyatı üçün daha
nibkin dövr 2010-cu ilin 2-ci yarımili olacaq.
V.Bayramov aprel ayından başlayaraq iqtisadiyyatda
müəyyən canlanmaların müşahidə olunacağını da deyir:
“Aprel ayından başlayaraq ölkədə pul qıtlığı
müşahidə edilməyəcək. May ayında dövlət büdcəsinə
yenidən baxılacaq və dəyişikliklər olunacaq”.
2010-cu ilin dövlət büdcəsində 1 barrel neftin
qiymətinin 45 dollardan nəzərdə tutulduğunu
xatırladan iqtisadçı reallıqda neftin qiymətinin
xeyli yüksək olduğunu söyləyir: “Təbii, bütün bunlar
dövlət büdcəsinə yenidən baxılmasını qaçılmaz edir.
2010-cu ilin ikinciyarım ili birinci yarımili ilə
müqayisədə Azərbaycan iqtisadiyyatı üçün daha nibkin
olacaq. Güman edilir ki, yay aylarında tikinti
sektorunda müəyyən canlanmalar baş verəcək. Bakıda
mənzillərin qiymətində cüzi artımlar qaçılmazdır.
2009-cu illə müqayisədə 2010-cu ildə Azərbaycan
iqtisadiyyatı xarici faktorlardan daha asılı
vəziyyətə keçəcək. Bu da ölkəyə daxil olan
vəsaitlərin həcminin artması ilə bağlıdır”.
Ötən il ölkədə ümumi daxili məhsulun həcminin
azalmasına gəldikdə, V.Bayramov qlobal maliyyə
böhranının baş verməyəcəyi halda da Azərbaycanda
ümumi daxili məhsulun 2009-cu ildən başlayaraq
azalacağının proqnozlaşdırıldığını deyir: “Bu da
bilavasitə onunla bağlı idi ki, ümumi daxili
məhsulun iri rəqəmlərlə faiz artımı uzun müddət
davam edə bilmir. Amma qlobal maliyyə böhranı ölkədə
ümumi daxili məhsulun azalmasını daha da
sürətləndirdi. 2010-cu ildə ümumi daxili məhsulun
istehsalının artacağı proqnozlaşdırılsa da belə
ciddi artımlar güman edilmir”.
“Iqtisadi forum” jurnalının baş redaktoru Samir
Əliyev bildirib ki, 2010-cu ildə qlobal iqtisadiyyat
qarşısında duran əsas vəzifə dövlət borcunun
artması, büdcə kəsirinin çoxalması və işsizliyin
artması kimi problemlərdir: “Artıq avrozonada
iqtisadi vəziyyət pisləşib. Yunanıstan müflisləşmə
ərəfəsindədir. Ispaniya, Portuqaliya və Irlandiya da
getdikcə iqtisadi tənəzzülə yuvarlanır. Digər
tərəfdən ABŞ-ın istehlakından asılı olan Çinin
iqtisadi vəziyyəti də son günlər müzakirə mövzusuna
çevrilib. Çünki ixracyönlü iqtisadiyyatı olan Çinin
ABŞ-da istehlakın azalacağı təqdirdə Dubayın taleyi
ilə üzləşməsi ehtimal edilir”.
Iqtisadçının fikrincə, ikinci dalğanın olması ilə
bağlı siqnallara baxmayaraq onun baş verməsi
ehtimalı bir o qədər də yüksək deyil. Ancaq böhranın
dərinləşməsi təbii ki, dünyada neftin kəskin
ucuzlaşmasına gətirib çıxara bilər. Ekspert hesab
edir ki, bu, ixracın 95 faizi, büdcəsinin 70 faizi,
ÜDM-nin ən azı yarısı neft gəlirlərindən formalaşan
Azərbaycan üçün yaxşı heç nə vəd etmir.
”Azadlıq”
qəzeti
|