AQRAR SEKTOR DAHA 5 İL VERGİDƏN AZAD OLUNDU

Vüqar Bayramov: “Stimullaşdırıcı tədbirlər həyata keçirilmirsə, bu qərar sadəcə simvolik xarakter dayışır”

 

11.04.2008 [10:56]

“Kənd təsərrüfatı istehsalçıları növbəti 5 ildə də vergidən azad ediləcəklər”. Bunu vergilər naziri Fazil Məmmədov dünən mətbuata açıqlamasında bildirib. O həmçinin qeyd edib ki, məsələ ilə bağlı ölkə başçısı İlham Əliyevin parlamentə müraciəti gözlənilir. F.Məmmədov 2008-2009-cu illərdə aqrar və emal sənayesi sahələrində vergi güzəştləri, eləcə də vergi dərəcələrilə bağlı yeniliklərin olacağını söyləyib.

“Dövlət başçısı tərəfindən tapşırıq verilib və bu istiqamətdə işlər gedir”. Nəzərə çatdıraq ki, kənd təsərrüfatı istehsalçıları 1999-cu ildən torpaq vergisi istisna olmaqla digər vergilərdən azaddırlar. Lakin tətbiq edilən güzəştlərə, o cümlədən ildən-ilə  büdcədən aqrar sektorun inkişafına ayrılan subsidiyaların həcminin artmasına baxmayaraq, bu sahə həddən artıq bərbad vəziyyətdədir. Yeri gəlmişkən, 2008-ci ilin  büdcəsindən aqrar sektorun inkişafına 80 milyon manat nəzərdə tutulub. Amma Kənd Təsərrüfatı Nazirliyi aqrar sektora subsidiyaların məbləğinin 100 milyon manatadək artırılmasını israr edir. Belə ki, nazirlik hər hektara verilən subsidiyanın həcmini 40 manatdan 50 manatadək çoxaltmaq niyyətindədir. Qurumun iddiasına görə, subsidiyanın həcminin artırılması bu sektorun inkişafında müsbət rol oynaya bilər.  

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov dedi ki, aqrar sektorun subyektləri vergidən azad olsalar da, bu sahənin Ümumi Daxili Məhsuldakı (ÜMD) payı 6,9 faizdir: “Son 5 ildə aqrar sektorun ölkədə məhsul istehsalında payının azalması müşahidə olunur. Göstərilən müddətdə aqrar sektorun ÜDM-də payı təxminən 2 dəfəyə yaxın azalıb”.

V.Bayramov aqrar sektor vergidən azad edildiyi halda kənd təsərrüfatı məhsullarının istehsalının azalmasının səbəblərinə toxundu: “Aqrar sektorda fəaliyyət göstərən fermer mənfəət əldə edə bilmirsə, onun vergi ödəyib-ödəməməsi əhəmiyyət daşımır. Müqayisə üçün bildirim ki, 2000-ci ildən başlayaraq ötən iki il ərzində regionlarda fəaliyyət göstərən müəssisələr vergidən azad olundular. Bunu cəmiyyətə regionların inkişafına kömək məqsədilə atılmış addım kimi təqdim etdilər. Lakin bu addım regionların inkişafını stimullaşdırmadı”.

İqtisadçı ekspert kənd təsərrüfatının kifayət qədər ciddi problemlərinin olduğunu diqqətə çatdırdı: “Bu problemlər həll edilmirsə, kənd təsərrüfatının inkişafını stimullaşdıran tədbirlər həyata keçirilmirsə, vergidən azadedilmə sadəcə simvolik xarakter daşıyır. Digər tərəfdən, aqrar sektorda çalışan fermerlər üçün qeyri-rəsmi ödənişlər var. Belə ki, istehsal olunan məhsulun hər kiloqramının təxminən 25 faizini qeyri-rəsmi ödənişlər təşkil edir. Bu cür  müdaxilələrin qaldığı bir zamanda aqrar sektorun vergidən azad edilməsi səmərəsizdir”.

V.Bayramovun sözlərinə görə, vergidən azadedilmə nəinki bu sektorun inkişafına gətirib çıxarıb, əksinə yerli məhsulların rəqabətaparma qabiliyyətini zəiflədib.

2008-ci ilin dövlət büdcəsindən aqrar sektora 80 milyon manat vəsait ayrıldığını xatırladan V.Bayramov  subsidiyaların verilməsindəki çatışmazlıqlardan, yardımların vaxtında fermerlərə çatdırılmamasından söz açdı: “Tədqiqatlar göstərir ki, bəzi rayonlarda hətta fermerlərə hər hektara 40 manat deyil 30 manat subsidiya verilib. Baxmayaraq ki, hər hektara 40 manat rəsmiləşdirilib. Subsidiyalar bir sıra hallarda icra hakimiyyəti orqanları tərəfindən mənimsənilir. Digər tərəfdən, subsidiyaların verilməsində meyarlar  müəyyənləşdirilməyib”.

V.Bayramovun fikrincə, Kənd Təsərrüfatı Nazirliyinin subsidiyaları kortəbii paylaması aqrar sektorun inkişafını stimullaşdırmır: “Məsələ ondadır ki, subsidiyaların verilməsində, demək olar, indikatorlar işlənib hazırlanmayıb. Subsidiyaların verilməsində yalnız torpaq amilinin götürülməsi vəsaitlərin səmərəli bölgüsünü əngəlləyən əsas amillərdəndir. ABŞ-da ən çox subsidiya buğda, pambıq istehsalçılarına yönəldilir. İstər Birləşmiş Ştatlarda, istərsə də Avropa Birliyi ölkələrində kənd təsərrüfatına subsidiya həyata keçirilən zaman strateji məhsul hesab edilən sahələrə daha çox vəsaitlər yönəldilir. Aqrar sektora ayrılan vəsaitlərin həcmi müəyyənləşdirilən zaman məhsulun strateji əhəmiyyət daşıyıb-daşımaması nəzərə alınır. Dövlət özünün strateji əhəmiyyət daşıyan sahələrini müdafiə etmiş olur. Azərbaycanda isə yeganə meyar fermerlərin sahib olduğu torpağın sahəsidir. Fermerin strateji məhsul yetişdirib-yetişdirməməsi nəzərə alınmır”.

“Yeni Musavat”

 

 

 

 


 

Media/ Videolar/Fəaliyyətlər


 

       

Oktyabrın 17-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün ilk seminarına toplandı. Tələbələrin qonağı bu dəfə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti Sədri Vüqar Bayramov idi. QonaqAFU tələbələri ilə birlikdə müxtəlif mövzular ətrafında maraqlı və canlı müzakirələr apardı. Vüqar Bayramov tələbələri iqtisadiyyatla bağlı bəzi müasir nəzəriyyələrlə tanış etdi. Xüsusiylə klassik, Keynsçi və Çikaqo məktəblərinə yer ayıran mühazirəçi eyni zamanda tələbələrə bu nəzəriyyələrin maraqlı aspektlərindən danışdı

   

Noyabrın 14-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün növbəti görüşünə toplandı. Bu dəfəki mövzu dövlət sərmayələri, klubun qonağı isə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti üzvü Elçin Rəşidov idi. Elçin Rəşidov ilk öncə sərmayə və onun fəlsəfəsi, sərmayələrin məqsəd və vəzifələri haqqında tələbələrə söhbət açdı. Daha sonra görüş iştirakçıları dövlət sərmayələri və özəl sərmayələr haqqında müzakirə apararaq onların fərqli və oxşar cəhətlərinə toxundular.

       

İqtisadiyyat Klubu / Vüqar Bayramov from afumedia on Vimeo.

   

Economics Club / Elchin Rashidov from afumedia on Vimeo.