Aqrar sektora dövlət yardımı kəskin
azaldılıb
Gələn ilin büdcəsində bu sektora ayırlan vəsait 25
milyon manat azalıb
Vüqar Bayramov: «Nəzarət gücləndirilməsə, o zaman
ayrılan vəsaitin böyük və kiçik olmasının heç bir
əhəmiyyəti yoxdur»
06 -11 -2009
Gələn ilin büdcəsində aqrar sektora 382 milyon manat
vəsaitin ayrılması nəzərdə tutulur. Bunu büdcə ilə
bağlı komitənin iclasında Milli Məclisin Aqrar
siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib.
Deputat onu da qeyd edib ki, ümumi büdcədə azalma
getsə də, kənd təsərrüfatı sahəsində azalma yoxdur:
«Burada az da olsa, dinamika var».
Qeyd edək ki, 2009-cu ilin büdcəsində ümumilikdə,
kənd təsərrüfatı sahəsinə 409 milyon manata yaxın
vəsait ayrılmışdı. Cari illə müqayisədə burada 25
milyon manat azalma müşahidə olunur. Hökumətin aqrar
sektoru dövlətin əsas prioritet sahəsi kimi irəli
sürməsinə baxmayaraq, onsuz da cüzi olan vəsaitlərin
daha da azaltması təəccüb doğurur.
Faktı şərh edən İqtisadi və Sosial İnkişaf
Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirdi ki, əsas
məsələ vəsaitin azlığı və ya çoxluğu deyil. Çünki
hər bir halda mənimsə faktları mövcuddur. Ona görə
ilk öncə bu sahədə nəzarəti gücləndirərək,
şəffaflığı təmin etmək lazımdır: «2010-cu ildə aqrar
sektora ayrılan vəsaitin artacağı gözlənilirdi. Amma
büdcə azalmaları burada da hiss olunmaqdadır.
Bir məsələni qeyd etmək lazımdır ki, aqrar sektorun
inkişafı üçün kompeleks tədbirlər görülüməlidir.
Fermerlərə yardım tək subsidiya şəkilində deyil,
digər metodlardan da istifadə edilməlidir. Çünki
Azərbaycan Dünya Ticarət Təşkilatına üzv olmağa
çalışır. Bu təşkilata üzv olduqdan sonra aqrar
sektora il ərzində istehsal olunmuş məhsulun ən
yaxşı halda 10 faizi həddində subsidiya həyata
keçirə bilərsən. Sözügedən sektora böyük həcmdə
vəsaitlərin subsidiya şəkilində yönəldilməsi
fermerlərdə müəyyən qədər tənbəlliyin yaranmasına
gətirib çıxara bilər. Dünya Ticarət Təşkilatına üzv
olandan sonra mütləq üstünlüyünü itirə bilər. Çünki
subsidiya minimallaşsa, bizim fermerlər rəqabətə
davam gətirə bilməyəcəklər».
V.Bayramov bildirdi ki, bu sahədə infrastruktur
yaxşılaşdırılmalıdır: «Gübrələr bazar qiymətindən
ucuz verilməlidir. Subsidiyaların özünün
verilməsində böyük problemlər var. İcra
hakimiyyətləri yardımların verilməsinə müdaxilə
edir. Bir neçə rayonda monitorinqimiz olmuşdu. Orada
yerli icra hakimiyyətləri tərəfindən fermerlərdən
kartların yığılmasının və gecə ilə subsidiyaların
banklardan çəkilməsinin şahidi olmuşduq. Bu sahəyə
nəzarət gücləndirilməlidir. Əgər nəzarət
gücləndirilməsə, o zaman aqrar sektora ayrılan
vəsaitin böyük və kiçik olmasının heç bir əhəmiyyəti
qalmayacaq. Əsas odur ki, həmin maliyyə istiqaməti
üzrə şəffaf xərcləsin».
«Fermerlərin istehsal etdiyi məhsulların
yerləşdiriməsi üçün anbarlar yoxdur, onları
bazarlara çıxarıb sata bilmirlər. Nəticədə
məhsulları xarab olur. Hətta bazarlara çıxaranda
belə böyük maneələrlə rastlaşırlar. Bu xoşagəlməz
hallar aradan qaldırılmalıdır. Vaxtilə Azərbaycan
kənd təsərrüfatı məhsulları MDB məkanında böyük paya
malik olub. İndi bu bazarı saxlamaq üçün dövlətin
dəstəyi lazımdır» deyən ekspert bildirdi ki, Dünya
Ticarət Təşkilatına üzv olmamışdan öncə baza
yaradılmalıdır: «Burada nəzarəti gücləndirərək
fermerlərin fəaliyyətinə qarşı müdaxilələrin
qarşısının alınması, kənd təsərrüfatı emal
sənayesinin inkişaf etdirilməsi vacib
amillərdəndir».
Vüsalə RÜSTƏMOVA
“Bizim yol”
|