Ölmüş əmanətlər” 2010-cu ildə də qaytarılmayacaq
19 September, 2009, 1:32 İqtisadiyyat
Vüqar Bayramov: «Əmanətlərin qaytarılması üçün 900
milyon manat tələb olunur»
2010-cu ilin büdcə layihəsində əhalinin SSRI
dövründə banklarda batmış əmanətlərinin qaytarılması
üçün vəsait nəzərdə tutulmayıb. Lakin parlament
üzvləri payız sessiyasında məsələyə qayıdılacağını
istisna etmirlər. Onların sözlərinə görə,
əmanətlərin qaytarılması dəfələrlə Milli Məclisdə
qaldırılıb. Hətta qanun layihəsi də hazırlanaraq
parlamentə təqdim edilib. Sadəcə onun həyata
keçirilməsi məsələsi qalıb.
Bildirək ki, “ölmüş əmanətlərin” məbləği 4,8 milyard
sovet rubluna bərabərdir. 1992-ci il yanvarın 1-ə
qədər sovet əmanət banklarında 1 milyon 986 min 104
nəfər Azərbaycan vətəndaşının pulu olub. Bu arada
xatırladaq ki, Azərbaycanda əmanətlərin qaytarılması
istiqamətində real addım 2005-ci ildə atılıb. Ölkə
prezidentinin fərmanı ilə 1992-ci il yanvarın 1-dək
Azərbaycan SSR Əmanət Bankına qoyulan əmanətlərin
indeksləşdirilməsi məqsədilə dövlət komissiyası
yaradılıb. Qısa müddətdə əmanətlərin qaytarılması
yönündə qanun layihəsinin hazırlanaraq Milli Məclisə
təqdim ediləcəyi proqnozlaşdırılsa da, bu baş
tutmayıb. Illərdir əmanətlərlə bağlı müzakirələr ən
yaxşı halda millət vəkillərinin, məmurların
bəyanatlarından uzağa getməyir.
Iqtisadi və Sosial Inkişaf Mərkəzinin rəhbəri Vüqar
Bayramov deyir ki, ötən əsrin 90-cı illərinin
sonlarında əmanətlərin qaytarılması istiqamətində
Milli Məclis yalnız mətbuatın müzakirəsinə səbəb
olan layihə hazırlamışdı: “Həmin layihəyə görə,
əmanətlərin 8 il müddətinə qaytarılması və ilk
növbədə yaşlı əhalinin pulları ödənilməliydi. Bundan
sonra isə sosial güzəşti olan qruplar, əlillər,
müharibə veteranları, qaçqın və məcburi köçkünlər
pullarını almalıydılar. Sonrakı mərhələdə əhalinin
qalan hissəsi əmanətlərinə sahib olmalı idi. Təbii
ki, bu layihə artıq əhəmiyyətini itirib. Ən azı ona
görə ki, dövlət büdcəsinin gəlirlərinin ildən-ilə
artdığı halda əmanətlərin uzun müddətə – 8 ilə
qaytarılması lüzumsuz görünür”.
Iqtisadçıya görə, dövlət büdcəsinin imkanlarının az
olması və ya müharibə şəraitində olan ölkənin bu
istiqamətə vəsait yönəltməsinin çətinliyi yönündə
arqumentlər öz aktuallığını itirib: “Əslində istər
əmanətlərin həcmi, istərsə də əmanətçilərin sayı
kifayət qədər ciddi rəqəmdən xəbər verir. Amma bu
heç də qorxulu göstərici deyil və keçmiş birlik
respublikalarının xeyli müddət əvvəl başa çatdırdığı
prosesin Azərbaycanda da başlanılması əslində ən
vacib sosial layihələrdən birinə çevrilib”.
Keçmiş müttəfiqlərin bu yöndə təcrübəsindən söz açan
V.Bayramov bildirir ki, Litva prosesə SSRI
dağılandan qısa müddət sonra başlayıb. Əmanətlərin
qaytarılması vəsaitin birbaşa əhaliyə ödənilməsi
şəklində həyata keçirilib. Vətəndaşlara 1 milyard
litdən artıq vəsait ödənilib: “Rusiyada isə
əmanətlərin ödənilməsinə 1995-ci ildən başlanılıb və
ilk növbədə 1950-ci ilədək anadan olanların pulları
qaytarılıb. Daha sonra əlillərə, veteranlara vəsait
ödənilib”.
V.Bayramov hesab edir ki, Azərbaycanda sovet dövrü
əmanət bankına yatırılan əmanətlərin strukturu
onların indeksləşdirilməsini asanlaşdırır:
“Əmanətlərin 70 faizə qədəri 2000 rubladək olan
əmanətlərdir. Dəyəri 10 000 rubldan çox olanların
xüsusi çəkisi isə 10 faizdən azdır. Belə olan halda
isə istər sosial ədalət, istərsə də əmanətçilərin
hüquqlarının qorunması baxımından ilk 1000 rubladək
olan əmanətlərin indeksləşdirmədə rubl-manat
asılılığının böyük olmaması əsas şərtlərdəndir.
Çünki əks halda əhalinin az həcmdə əmanətlərinə
sahib olan hissəsinin prosesdən faydalanmaq
imkanları məhdudlaşacaq”.
Iqtisadçı bildirir ki, təklif etdikləri əmanətlərin
indeksləşdirmə sisteminə əsasən əmanətlərin
qaytarılması üçün 900 milyon manat tələb olunur:
“Sovet dövründə əmanət banklarına qoyulan
əmanətlərinin interval şəkildə əhaliyə qaytarılması
kifayət qədər vacibdir. Məsələ ondadır ki, bununla
əhalinin az əmanətə malik olan hissəsinin prosesdən
faydalanmasını təmin etmək olar. Vahid dərəcələrin
təyin edilməsi isə ilk minliyə sahib olanların
hüquqlarının qorunmasına gətirib çıxarar”.
Onun fikrincə, hökumət əmanətləri qaytarmağa
başlasa, prosesi 3 il müddətinə də tamamlamaq
mümkündür: “Sadəcə əmanətlərin qaytarılması məsələsi
sosial problemdən çox siyasi məsələyə çevrilib.
Ölkədə hər seçki öncəsi bu mövzu gündəmə gətirilsə
də prosesə başlanılmır”.
Milli Məclisin Iqtisadi-siyasət komitəsinin üzvü,
əmanətlərin qaytarılması ilə bağlı yaradılan Işçi
Qrupunun üzvü Vahid Əhmədov isə deyir ki,
əmanətlərin qaytarılması yönündə qanun layihəsi
hazır olsa da, parlamentin gündəliyinə salınmır:
“Məsələnin yaz sessiyasında qaldırılması nəzərdə
tutulurdusa, bu baş vermədi”. Bunu qlobal maliyyə
böhranı ilə əlaqələndirən millət vəkili əmanətlərin
qaytarılması üçün nəzərdə tutulan məbləğin böyük
olduğunu vurğulayır.
“Azadlıq”
qəzeti |