Tarif şurasının tarixi zərbəsi
Vüqar Bayramov: ``Təbii qaz xərcinin iki dəfə
bahalaşması əhalinin sosial durumunu
ağırlaşdıracaq``
04-07-2009
Bir neçə ildir hökumətin qiymətartırma siyasəti
onsuz da yoxsulluq həddində yaşayan ölkə əhalisinin
yarıdan çoxunun sosial durumunu dözülməz həddə
çatdırıb. Bunu yuxarıda əyləşənlər də çox yaxşı
bilirlər. Yaxşı bilirlər ki, bu gün ərzaq, kommunal
xərclər aztəminatlı ailələrin gəlirini üstələyir.
Amma əlaqədar qurumlar arsızlığına salıb yenə də
qiymətləri artırırlar. Belə ki, iyunun 30-da
``Azəriqaz`` QSC-nin müraciəti əsasında Tarif
(qiymət) Şurası əhaliyə satılan təbii qazın hər 1000
m3-nin qiymətini 47,2 manatdan 100,0 manata
qaldırıb. Qəbul olunmuş qərara elə bu ilin iyulun
1-dən tətbiq olunmağa start verilib. Xatırladaq ki,
qurum bu qərarı guya təbii qazın istehlakında
israfçılığın qarşısının alınması, əhalinin mavi
yanacaqla keyfiyyətli və etibarlı təminatının daha
da yaxşılaşdırılması və mövcud qiymətin xərcləri
ödəməməsinin nəzərə alınması ilə əsaslandırıb.
Azərbaycanda təbii qazın qiymətinin qonşu ölkələrə
nisbətən aşağı olduğunu diqqətə çatdıran iqtisadçı
Vuqar Bayramov deyir ki, buna baxmayaraq, indiki
halda qazın qiymətini iki dəfə deyil, maksimum 50
faiz artırılmalıydı. Onun sözlərinə görə, Tarif
Şurasının mavi yanacağın əhaliyə satılan pərakəndə
qiymətini iki dəfə bahalaşdırması iqtisadi baxımdan
izah edilə bilməz.
V.Bayramov qlobal maliyyə böhranı başladıqdan
dünyanın çox az hissəsində enerji daşıyıcılarının və
ya kommunal xidmətlərin qiymətinin artırılması
barədə qərar qəbul olunduğunu söylədi: ``Düşünülür
ki, belə bir çətin dönəmdə qiymət artımları əhali
üçün müəyyən sosial gərginlik yaradar. Bu baxımdan
hesab etmək olar ki, Azərbaycanda təbii qazın
qiymətinin artırılması ilə bağlı qəbul olunan qərar
vaxtsız atılmiş bir addımdır. Yəni Tarif Şurası
böhranın səngiməsini gözləsəydi, yaxud bu qərara
ilin sonunda imza atsaydı, sosial baxımdan ədalətli
hesab oluna bilərdi``.
Hazırda yay ayları olduğu üçün qaz istehlakının
azaldığını xatırladan iqtisadçı deyir ki, əhali
qiymət artımının neqativ təsirlərini sentyabrın
ikinci yarısından hiss etməyə başlayacaq. V.Bayramov
bütün hallarda istənilən xərc maddəsinin iki dəfə
artırılmasının əhalinin sosial vəziyyətinə mənfi
təsir göstərdiyini bildirdi: ``O üzdən qazın qiyməti
artırılanda əhalinin sosial durumuna təsirləri
mütləq nəzərə alanmalıydı. Dövlət Statistika
Komitəsinin məlumatında göstərilir ki, əhali
xərclərin 65 faizini ərzaq məhsullarının alınmasına,
qalan 10 faizini isə vergi və digər ödənişlərə
yönəldir. Bu, o deməkdir ki, vergi daxil olmaqla
insanların gəlirlərinin 75 faizi ərzaq məhsullarının
tələbatına xərclənir. Qalan 25 faiz isə geyim,
nəqliyyat və kommunal xərclərə istiqamətlənir. Həmin
25 faizdə yer tutan təbii qaz xərcinin iki dəfə
bahalaşması heç şübhəsiz əhalinin sosial vəziyyətini
ağırlaşdıracaq. Bunun qarşısını almaq üçün yeganə
yol vətəndaşların gəlirlərini artırmaqdır. Yalnız bu
halda qiymət dəyişikliyi nəticəsində yaranan
xərclərin kompensasiyası mümkündür``.
İqtisadçı ümumiyyətlə, mövcud şəraitdə təbii qazın
qiymətinin yenidən bir neçə dəfə artırılmasının
arzuolunan və əsaslandırılmış qərar olmadığını ifadə
etdi. Və rəsmi açıqlamada göstərilən arqumentlərlə
razılaşmadığını söylədi: ``Əvvəla, ona görə ki,
qazın istehlakçılar tərəfindən israfçılığı qiymətin
aşağı olması ilə əlaqəli deyil. Adətən təcrübələr
göstərir ki, Azərbaycanda qiymət artan zaman
qeyri-rəsmi ödənişlərin həcmi də artır. Əslində
təbii yanacağın qiymətinin qaldırılması qanunsuz
yolla qazdan istifadə edənlərin sayının çoxalmasına
gətirib çıxarır. Bu da öz növbəsində qazın
istehlakçıya verilməsinə nəzarət edən qurumların
qanunsuz gəlirlərinin artması deməkdir``.
faktxeber.com
|