HÖKUMƏT İSTƏDİYİ VAXT QİYMƏTLƏRİ UCUZLAŞDIRA BİLƏR

24 may 2008 [06:24]

 

Azərbaycanda bütün sahələr üzrə qiymət bahalaşması davam etməkdədir. Dörd ay ərzində inflyasiyanın artım tempi 10,9 faizə çatıb. İstər yerli müstəqil ekspertlər, istərsə də beynəlxalq maliyyə qurumları ilin sonuna qədər inflyasiyanın 25-30 faiz ətrafında olacağını bildirirlər. Ümumiyyətlə, 2008-ci il qiymət artımı baxımından kifayət qədər ciddi il kimi proqnozlaşdırılır. Ən çox bahalaşan isə ərzaq məhsullarıdır.

 

Təkcə bu ilin yanvar-aprel aylarında ərzağın qiyməti 19,66 faiz  qalxıb. Əhali, xüsusilə yoxsul təbəqə inflyasiyanın təsirindən ciddi əziyyət çəkir. Yaranmış vəziyyət vətəndaşlar arasında siyasi hakimiyyətə qarşı narazılığı artırıb. Qarşıdan gələn prezident seçkilərində hökumətin ən böyük rəqibi xalqdır. Bu məsələ iqtidarı da narahat etməyə başlayıb. Xəbər verdiyimiz kimi, prezidentin yanında keçirilən gizli müşavirədə vəziyyətlə bağlı müzakirələr aparılıb. Məlumatlara görə, qərara alınıb ki, seçkilərə 2 ay qalmış (böyük ehtimalla sentyabr ayından)   benzinin, mazutun və qazın qiyməti aşağı salınsın. Hökumət Nazirlər Kabineti strukturunda, xüsusilə iqtisadi sferada ciddi dəyişikliklər etməyi nəzərdə tutub.

 

Mövzu ətrafında söhbət etdiyimiz iqtisadçı ekspert Vüqar Bayramov bildirdi ki, iqtisadi islahatlar uzun müddətli prosesi əhatə edən fəaliyyətdir: “İqtisadi islahatlar prezidentin fərmanı və ya hansısa nazirliyin qərarı əsasında reallaşan iş deyil”.

 

Qiymətlərin aşağı salınmasına gəlincə, ekspert dedi ki, iqtisadi islahatlardan fərqli olaraq bahalaşmanın qarşısını almaq üçün vaxt məhdudiyyəti yoxdur: “Hökumət istənilən vaxt qiymət artımına gedə və ya əksinə, qiymətlərin azaldılmasını həyata keçirə bilər. Xüsusilə benzinin, mazutun qiymətinin ucuzlaşdırılması hökumətdən vaxt tələb etmir. Hakimiyyət qısa müddətdə, hətta 4 gün ərzində qiymətlərin endirilməsini həyata keçirə bilər. Sadəcə, məsələ ondan ibarətdir ki, bütövlükdə qiymətlərin azaldılmasının və ya tənzimlənməsinin iqtisadi əsasları varmı? Ümumiyyətlə, hökumətin bu addımı atması nə dərəcədə realdır?”

 

V.Bayramovun sözlərinə görə, neft ölkələrində qiymətlər dünya bazar qiymətləri ilə uyğunlaşdırılmır: “Hazırda ABŞ-da benzinin 1 litrinin qiyməti 1 dolları ötüb. Yalnız son 4 ildə Amerikada benzinin 1 litrinin qiyməti təxminən 25 dəfə artıb. Bu, ABŞ üçün olduqca böyük rəqəmdir. Çünki orada benzinin qiyməti həmişə aşağı olub. Amerika benzin sektoruna daimi subsidiya həyata keçirən dövlətdir. Yaxud Avropa Birliyi (AB) ölkələrində benzinin 1 litrinin qiyməti 1 avro ilə 2 avro arasında dəyişir.

 

Praktiki olaraq, AB dövlətlərində benzinin qiymətinin bahalaşması müşahidə edilir. Bu da təbii ki, dünya bazarında neftin qiymətinin qalxması ilə bağlıdır. Azərbaycan üçün spesifik olan məqam neft ölkələrində qiymətlərin dünya bazar qiymətləri ilə uyğunlaşdırılmamasıdır. Neft ölkələrində benzinin qiyməti digər dövlətlərlə müqayisədə xeyli aşağı olur. Məsələn, İranda benzin sektoruna ciddi şəkildə subsidiyalar həyata keçirilir. Bunun nəticəsində İranda benzinin 1 litrinin qiyməti dünya bazarı ilə müqayisədə 15 dəfəyə yaxın aşağıdır. Nəticədə 1 litr benzin İran vətəndaşının büdcəsində çox ciddi xərc yaratmır. Neft ölkələrinin təcrübəsi göstərir ki, benzinin qiymətinin dünya bazarı ilə əlaqələndirilməməsi imkanları var".

 

V.Bayramovun sözlərinə görə, beynəlxalq maliyyə qurumları belə qiymət endirimlərinin tərəfdarı deyillər: “Hesab edirəm ki, enerjidaşıyıcılarının qiymətinin endirilməsi müqabilində Avropa Birliyi və Amerikada olduğu kimi, vətəndaşların orta aylıq məvaciblərinin artırılması və bütövlükdə insanların varlanmasına nail olmaq daha məqsədəuyğundur. Benzinin və ya qazın qiymətinin aşağı salınması və ya pulsuz olması uzun müddəti əhatə edən proses deyil. Eyni zamanda bunu strateji, düşünülmüş addım kimi də qiymətləndirmək olmur. Sadəcə, müəyyən məqsədlərə xidmət edir. Fikrimcə, vətəndaşların əməkhaqlarının artırılması daha uzunmüddətli, strateji əhəmiyyət daşıyır. Bu halda hətta gələcəkdə tənzimlənən qiymətlər dünya bazar qiymətləri səviyyəsində olanda belə, vətəndaşlar üçün ciddi problem yaratmayacaq. Əgər hazırda orta aylıq əməkhaqqı 140 manat təşkil edirsə və ya vətəndaşların böyük qismi bundan aşağı maaş alırsa, benzinin qiymətinin 2 dəfə azaldılması onların sosial vəziyyətinə ciddi təsir göstərməyəcək. Onu da nəzərə almaq lazımdır ki, bu gün ölkə vətəndaşlarının əksəriyyətinin avtomobili yoxdur”.

 

İqtisadçı hesab edir ki, hökumət qazın qiymətinin endirilməsi yönündə qərar verərsə, bununla yanaşı köhnə borcların silinməsini və ya bağışlanması addımını da atmalıdır: “Enerji sektorunun dövlət büdcəsinə olan borclarının həcmi 2,7 milyard manata çatıb. Bu borcların böyük hissəsini işıq və digər kommunal borclar təşkil edir. Əgər hökumət əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq istiqamətində addımlara gedirsə, o zaman vaxtı keçmiş borcları bağışlaması olduqca vacibdir”.

 

V.Bayramov ölkədə benzinin və digər enerji vasitələrinin qiymətinin endrilməsinə zəmin olduğunu düşünür. Onun fikrincə, bunun üçün Azərbaycanın kifayət qədər maliyyə resursu var.

L.ƏLİYEVA 

/yeni musavat/

 

 

 


 

Media/ Videolar/Fəaliyyətlər


 

       

Oktyabrın 17-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün ilk seminarına toplandı. Tələbələrin qonağı bu dəfə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti Sədri Vüqar Bayramov idi. QonaqAFU tələbələri ilə birlikdə müxtəlif mövzular ətrafında maraqlı və canlı müzakirələr apardı. Vüqar Bayramov tələbələri iqtisadiyyatla bağlı bəzi müasir nəzəriyyələrlə tanış etdi. Xüsusiylə klassik, Keynsçi və Çikaqo məktəblərinə yer ayıran mühazirəçi eyni zamanda tələbələrə bu nəzəriyyələrin maraqlı aspektlərindən danışdı

   

Noyabrın 14-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün növbəti görüşünə toplandı. Bu dəfəki mövzu dövlət sərmayələri, klubun qonağı isə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti üzvü Elçin Rəşidov idi. Elçin Rəşidov ilk öncə sərmayə və onun fəlsəfəsi, sərmayələrin məqsəd və vəzifələri haqqında tələbələrə söhbət açdı. Daha sonra görüş iştirakçıları dövlət sərmayələri və özəl sərmayələr haqqında müzakirə apararaq onların fərqli və oxşar cəhətlərinə toxundular.

       

İqtisadiyyat Klubu / Vüqar Bayramov from afumedia on Vimeo.

   

Economics Club / Elchin Rashidov from afumedia on Vimeo.