İnflyasiyanı
necə tənzimləməli?
Vüqar Bayramov: “Mərkəzi Bank uçot stavkasını 3
faizdən 4 faizədək artırmalıdır”
Dünya
bazarında ərzağın balaşması prosesi davam edir.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının
hesabatına görə, taxıl, ət, süd, yağ və digər ərzaq
məhsullarının qiyməti qlobal iqtisadi böhran zamanı
belə bu dərəcədə yüksək olmayıb. Konkret şəkərin
qiyməti son 30 ildə rekord həddə çatıb. Hazırda
dünya bazarında şəkərin tonu 835 dollara yüksəlib.
Ekspertlər bildirir ki, dunya bazarındakı bahalaşma
Azərbaycanın istehlak bazarına təsirsiz ötüşməyəcək.
Proqnozlara əsasən, ölkədə inflyasiya səviyyəsi ötən
illə müqayisədə cari ildə daha yüksək olacaq.
İqtisadçı-alim Vüqar Bayramov bildirir ki, istər
rəsmi, istərsə də müstəqil tədqiqatlar 2011-ci il
Azərbaycan iqtisadiyyatı üçün prioritet məsələlərdən
birinin inflyasiyaya qarşı mübarizənin aparılması
olduğunu göstərir: “ İnflyasiya ilə mübarizə yalnız
qiymətlərin tənzimlənməsi, süni qiymət artımlarına
qarşı mübarizənin aparılması formasında deyil,
dolayi metodlardan, eləcə də maliyyə sektorunun
imkanlarından istifadə etməklə həyata keçirmək olar.
Ölkə başçısının 2011-ci ildə qiymət siyasətinin
tənzimlənməsi ilə bağlı göstəriş verdiyini,o
cümlədən BMT və digər baynəlxalq qurumların bu il
dünyada ərzaq qıtlığının yaranacağı yönündə
proqnozlarını nəzərə alsaq, qiymətlərin dolayı
yaxud birbaşa metodlarla tənzimlənməsi olduqca
vacibdir”.
2011-ci ildə dünya bazarında qiymət artımlarının
davam edəcəyini vurğulayan iqtisadçı bildirir ki,
artıq ilin ilk ayında bahalaşma müşahidə edilib:
“Dünya bazarındakı bahalaşma Azərbaycana idxal
olunan məhsulların qiymətlərinin artmasına gətirib
çıxaracaq. Artıq yerli istehsal məhsullarının
qiymətlərində artımlar müşahidə edilməkdədir.
Apardığımız tədqiqatların nəticəsi kimi Mərkəzi
Bankın uçot dərəcəsinin 3 faizdən 4 faizədək
artırılması ilə bağlı qərar qəbul etməsi
məqsədəuyğun hesab olnub. Uçot stavkasının
artırılması iqtisadiyyatda aqreqat tələbdəki
artımların azalmasına gətirib çıxarır. Təbii bu
azalma inflyasiya səviyyəsinin tənzimlənməsinə imkan
verəcək. O baxımdan Mərkəzi Bankın uçot stavkasının
artırılması istehlakçıların xərclərinin azalmasına
gətirib çıxara bilər”.
Qlobal maliyyə böhranı ilə bağlı Mərkəzi Bankın
uçot stavkasını mərhələli şəkildə 15 faizdən 2 faizə
qədər azaltdığını, 2010-cu ilin sonlarında isə uçot
stavkasını 2 faizdən 3 faizə qaldırdığını xatırladan
iqtisadçının sözlərinə görə, uçot stavkasının
artırılması borclanma xərclərinin artımına,
istehlakçıların xərcləmələrinin azalmasına gətirib
çıxarır: “Eyni zamanda digər ölkələrin təcrübəsi
uçot stavkasının artırılmasının pula qənaət edilməsi
baxımından olduqca cəlbedici olduğunu göstərir”.
V.Bayramov qeyd edir ki, uçot stavkasının
qaldırılması əmlak bazarına birbaşa təsir edəcək:
“Fiskal siyasət baxımından qiymətlərin
tənzimlənməsinə imkan yaradır. Uçot stavkası aşağı
olan zaman pul təklifi artır. Pul təklifinin artması
borclanmalar, liberal kredit siyasəti üçün hər hansı
maneələrin yaranmasına gətirib çıxarmır. Bu da
birmənalı şəkildə inflyasiyanı artıran səbəblərdir”.
Ekspertin qənaətinə görə, uçot dərəcəsinin 1 bənd
artırılması həmçinin böhranın sonuncu mərhələsində
bankların sağlamlaşdırılması baxımından əhəmiyyətli
ola bilər..
|