Banklarda kredit müştərilərinin sayı günbəgün artır

Vüqar Bayramov vəziyyətin bu şəkildə 2010-cu ilin I rübünədək davam edəcəyini deyir

Ancaq kredit vəsaiti isə...

Son vaxtlar kredit bazarında tələbatın artması müşahidə olunur. Bir neçə ay öncəki vəziyyətlə müqayisədə kredit götürmək üçün kommersiya banklarına üz tutan müştərilərin sayı daha çoxdur. 2008-ci ilin sonu-2009-cu ilin birinci rübündə banklar tərəfindən irəli sürülən təklif tələbatı üstələyirdisə, indi əks proses müşahidə olunur. Lakin kommersiya bankları mövcud tələbatı qarşılaya bilmir.

   Müştərilər kredit götürmək istəsələr də banklar onların tələbatını ödəyə bilmir. Bu da, ilk növbədə, banklarda nağd pul qıtlığının yaranması ilə bağlıdır. Elə bunun məntiqi nəticəsidir ki, bəzi banklar ümumiyyətlə, kredit verməkdə maraqlı görünmür. Çünki nağd vəsaitləri böhran şəraitində əhaliyə paylamaq risqli olmaqla yanaşı, həm də bankların resurlarını azaldır.

 

   İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov da kommersiya banklarının kredit verməsində müəyyən problemlərin yarandığını təsliqlədi. İqtisadçı-ekspert bildirdi ki, bankların kreditlər hesabına əldə etdiyi gəlir aktivlərin 70 faizdən artığını təşkil etsə də, son vaxtlar bu funksiyanı yerinə yetirmək istəmir: "Əvvəlki illərdə olduğu kimi, banklar bu gün vətəndaşlara kredit verməkdə maraqlı görünmür. Bu o demək deyil ki, banklar kredit vermək istəmir. Banklar kreditləri özlərinə yaxın olan və inandıqları şəxslərə verirlər. Bankların müştərilərlə əməkdaşlığında müşahidə edilən problemlər onları daha ehtiyatlı olmağa vadar edir. Problem onunla bağlıdır ki, banklar məhkəmənin qərarı olmadan krediti ödəyə bilməyən hüquqi və fiziki şəxslərin girovlarının bankların sərəncamına keçməsi barədə qərar vermişdi. 2006-2008-ci illərdə banklar neft bumunun müşahidə olunduğu vaxtlarda kredit götürən şəxslərin həmin məbləği qaytarmaq imkanlarını öyrənmədən çoxsaylı istehlak kreditləri açmışdı. Amma qlobal maliyyə böhranının başlanmasından sonra girov kimi qoyulan mənzillərin və avtomobillərin qiyməti xeyli düşüb. Bu baxımdan, bankların kredit verməkdə maraqlı görünməməsi məhz onların ehtiyatlı davranışı ilə bağlıdır. Digər problem onunla bağlıdır ki, bankların likvidliyi aşağıdır. Bankların vəziyyəti 2008-ci ilin sentyabr ayı ilə müqayisədə daha yaxşı hesab olunsa da, xarici borc öhdəliyi qalmaqdadır. Qlobal maliyyə böhranı başlayanda bankların 2,5 milyard dollar borcu var idi və sonradan həmin borcun 1,8 milyard dollarını geri qaytarmaq mümkün oldu. Qarşıdakı aylarda daha 700 milyon dollar borc ödənilməlidir. Bankların maliyyə resursları isə yetərincə deyil. Əldə etdikləri pulları da məhz borcların qaytarılmasına yönəldirlər. Xarici borcların qaytarılması bu gün banklar üçün ən prioritet məsələlərdən biridir. Xarici borc öhdəliyi bitməyincə, bankların kreditləşməni bərpa edəcəyi güman olunmur. Hətta banklar bankomatlarını belə vaxtlı-vaxtında nağd vəsaitlə təmin edə bilmir. Bu mənada, bankların krediti verməməsinin əsas səbəbi ehtiyatlı davranış və maliyyə resurslarının az olmasıdır".

 

   Onu da qeyd edək ki, Azərbaycanda kommersiya bankları kreditləri 22-30 faizlə verir. Azərbaycanda kredit faizləri Rusiya, Qazaxıstan, Türkiyə, Ukrayna kimi ölkələrlə müqayisədə xeyli yüksək hesab olunur. Kredit faizlərinin belə yüksək həcmdə formalaşmasında vaxtilə Mərkəzi Bankın uçot dərəcələrinin 15 faiz təşkil etməsi mühüm rol oynayıb. Artıq Mərkəzi Bank uçot dərəcələrini 2 faizə qədər aşağı salıb. Bəzi ekspertlərin fikrincə, Mərkəzi Bank kommersiya banklarına 2 faizlə kreditlər ayırsa, həmin vəsaitləri 22-25 faizlə vətəndaşlara verməklə banklar gəlir götürə bilər. Lakin kommersiya bankları daha çox xarici mənbələrdən asılı olaraq qalır. Vüqar Bayramov isə hesab edir ki, Mərkəzi Bankın uçot dərəcələrini 2 faizə endirməsi iqtisadi baxımdan izah edilməməlidir. Çünki Mərkəzi Bankın kredit vermək üçün resursları çox azdır. Mərkəzi Bankın bu vəsaitləri daha çox manatın məzənnəsinin saxlanılmasına yönəltdiyini deyən iqtisadçı maliyyə böhranının başlanmasından sonra bu məqsədlə 2 milyard dollara yaxın vəsait xərclədiyini bildirdi: "Mərkəzi Bankın uçot stavkalarını endirmək və borc vermək imkanları 2008-ci ilin sonu, 2009-cu ilin əvvəllərində daha çox idi. Artıq Mərkəzi Bankın mərkəzləşmiş kreditlərinin həcminin azalması müşahidə olunur. Eyni zamanda, Mərkəzi Bank kreditləri çox qısa müddətə- 6 aya verir. İstisna hallarda kreditlərin müddəti 1 ilədək uzadılır. Bu baxımdan, Mərkəzi Bankın kredit şərtləri kommersiya banklarının maraqlarına uyğun deyil. Bu heç də o anlama gəlmir ki, Mərkəzi Bank 2 faizlə kommersiya banklarına kreditlər verir. Eyni zamanda, nəzərə alsaq ki, kommersiya banklarının aktivlərinin 5 faizi Mərkəzi Bankin mərkəzləşmiş kreditləri hesabına formalaşır, 95 faiz digər mənbələrdən əldə edilir. Digər mənbələrdən əldə edilən kreditlərin faizləri isə çox yüksəkdir. Kommersiya bankları qlobal maliyyə böhranından əvvəl Avropa qurumlarından kreditləri 8 faizlə cəlb edirdisə, indi həmin faizlər 12-14-ə qalxıb. Belə olan halda, kommersiya banklarının yüksək faizlə kredit təklif etməsi başadüşüləndir. Kredit faizlərini aşağı salmaq üçün kommersiya banklarının maliyyə mənbələri genişlənməli və borc öhdəlikləri başa çatmalıdır".

 

   V.Bayramovun proqnozlarına görə, kommersiya bankları 2010-cu ilin birinci rübünə qədər kredit verməkdə çətinlik çəkəcək. Həmin vaxta qədər banklar vəsaitlərinin əsas hissəsini borc öhdəliklərinin ödənilməsinə yönəldəcək. 2010-cu ilin birinci rübündən etibarən borcların qapanması və qlobal maliyyə böhranının başa çatması, beynəlxalq maliyyə təşkilatlarının daha aşağı faizlə kredit verməsi bankları da kredit faizlərini endirməyə sövq edə bilər.

“Bakı xəbər“ qəzeti

Müşfiq Abdulla

 

 

 


 

Media/ Videolar/Fəaliyyətlər


 

       

Oktyabrın 17-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün ilk seminarına toplandı. Tələbələrin qonağı bu dəfə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti Sədri Vüqar Bayramov idi. QonaqAFU tələbələri ilə birlikdə müxtəlif mövzular ətrafında maraqlı və canlı müzakirələr apardı. Vüqar Bayramov tələbələri iqtisadiyyatla bağlı bəzi müasir nəzəriyyələrlə tanış etdi. Xüsusiylə klassik, Keynsçi və Çikaqo məktəblərinə yer ayıran mühazirəçi eyni zamanda tələbələrə bu nəzəriyyələrin maraqlı aspektlərindən danışdı

   

Noyabrın 14-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün növbəti görüşünə toplandı. Bu dəfəki mövzu dövlət sərmayələri, klubun qonağı isə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti üzvü Elçin Rəşidov idi. Elçin Rəşidov ilk öncə sərmayə və onun fəlsəfəsi, sərmayələrin məqsəd və vəzifələri haqqında tələbələrə söhbət açdı. Daha sonra görüş iştirakçıları dövlət sərmayələri və özəl sərmayələr haqqında müzakirə apararaq onların fərqli və oxşar cəhətlərinə toxundular.

       

İqtisadiyyat Klubu / Vüqar Bayramov from afumedia on Vimeo.

   

Economics Club / Elchin Rashidov from afumedia on Vimeo.