«Neftin qiymətində sperkulyasiyalara
yol verilir»
Vüqar Bayramov: «neftin qiyməti neft müqavilələrinin
ən azı üçdə birini əlində tutan bir qrup vasitəçi
tərəfindən müəyyənləşdirilir».
Dünya bazarlarında neftin qiyməti aşağı düşməkdə
davam edir. Dünən «qara qızıl»ın hər barelinin
qiyməti London birjasında 62,73 dollara, Nyu-York
birjasında isə 62,93 dollara endiyi bildirilib.
Ekspertlər bunu, investorların xam neft və enerji
daşıyıcılarına tələbatın azalması ilə narahatlıqları
fonunda baş verdiyini əsaslandırmağa çalışırlar.
Lakin neftin istər bahalaşması və istərsə də
ucuzlaşmasının əsas səbəbləri həmişə müxtəlif
aspektdən izah edilir. İqtisadçı ekspert Vüqar
Bayramov bu məsələni şərh edərkən bildirdi ki,
neftin qiyməti 11 iyul 2008-ci il tarixində rekord
səviyyəyə yüksəldi və bundan sonra aşağı düşməyə
başladı: «Qiymətlərin artdığı ərəfədə, xüsusilə də,
xam neftin bir barelinin qiyməti 149 dollardan baha
satılarkən qiymət artımının hansı səviyyəyə çatacağı
barədə ciddi mübahisələr gedirdi. Belə ki, bir
tərəfdən, neftin qiymətinin 150-200 dollar arasında
olmasının normal olduğu barədə fikirlər, digər
tərəfdən isə, ən geci 2008-si ilin sonu 2009-cu il
ərzində qiymətlərin 60-70 dollar səviyyəsinə
düşəcəyi barədə mülahizələr səsləndirilirdi. Artıq
bu proqnozlar özünü doğruldub. Son bir ay ərzində
qara qızılın qiyməti ancaq bu iki göstərici arasında
manevr edir».
Müsahibimiz qeyd etdi ki, neftin kəskin bahalaşması
kimi, onun ucuzlaşması da sperkulyativ hərəkətlərin
nəticəsidir: «Dünyanın ən böyük neft istehlakçısı
olan ABŞ qiymətlərin kəskin bahalaşması və
ucuzlaşmasının tələb-təklif uyğunsuzluğundan irəli
gəldiyini, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC)
isə əsas səbəbin spekulyasiyalar olduğunu deyir».
V.Bayramov neft başda olmaqla dünya bazarında
strateji məhsulların qiymətlərinin bazar
möhtəkirlərin istəyindən asılı olaraq
tənzimləndiyini qeyd etdi: «Beynəlxalq təcrübəyə
görə, neftin bahalaşması dolların, qızılın
ucuzlaşması ilə əksinə binincinin ucuzlaşması isə
sonuncuların bahalaşması ilə müşahidə olunmalıdır.
Lakin hazırda dolların məzənnəsi demək olar ki,
dəyişməz qalıb, qızılın qiyməti isə ucuzlaşmaqdadır.
Deməli, neftin indiki ucuzlaşması da bir başa süni
amillərlə bağlıdır».
İqtisadçı ekspertin sözlərinə görə, neft
bahalaşarkən də tələb ilə təklif arasındakı fərq
olduqca az idi: «Ancaq kimlərsə davamlı olaraq
bazarlarda neft qıtlığı yaradıldığından qiymət
artımı müşahidə edilirdi».
Mütəxəssis indinin özündə dünya iqtisadiyyatında baş
verən geriləməni əsas gətirərək, neftin qiymətinin
bundan sonra 100 dollara qədər qalxmasının iqtisadi
cəhətdən izahının olmadığını bildirdi.
V.Bayramov vurğuladı ki, enerji mənbəyi olaraq böyük
ehtiyac duyulan neftin təklifində hər zaman
məhdudiyyət olub: «Bu xüsusiyyətinə görə, neftin
qiyməti tələbatdakı dəyişmələrə qarşı çox həssasdır.
Neftə olan tələbatın artması, yaxud da tələbatın
artacağı barədə ehtimalların səsləndirilməsi neftin
qiymətinin çox asanlıqla qalxmasına səbəb olur. Bu
baxımdan spekulyasiyaya açıq olan bazarların başında
neft sektoru gəlməkdədir. Dünyanın dörd bir
tərəfində neft depolarının tikilməsi neft
ehtiyatlarını artırıb. Daha geniş mənada isə
geopolitik gərginliklərə səbəb olduğu üçün də neft
spekulyasiyaya açıqdır».
Müsahibimiz qeyd etdi ki, aparılan bütün
araşdırmalar onu göstərir ki, həqiqətən də, neftin
qiymətinin stabil göstəricidən aşağı və yuxarı
olmasının əsas səbəbi sərmayədarların spekulyativ
hərəkətləridir. «Beynəlxalq ekspertlərin
araşdırmalarına görə bu hədd hər barrel üçün 70-80
dollardır. Ötən ay neftin qiyməti yenicə 70 dolları
keçmək üzrə idi, OPEC kvotanı artırdı. Belə çıxır,
bu təşkilat özü də neftin 80 dollara qalxmasında
maraqlı deyil».
V.Bayramov bildirdi ki, qiymətlərdə ciddi
dəyişikliklərin müşahidə olunduğu iyun ayında neftlə
bağlı görülən işlərin üçdə birinin dörd vasitəçi
şirkət tərəfindən həyata keçirildiyi
müəyyənləşdirilib: «Bu istiqamətdə araşdırma aparan
qiymətləndirici komissiyanın gəldiyi qənaət belədir
ki, neftin qiyməti neft müqavilələrinin ən azı üçdə
birini əlində tutan bir qrup vasitəçi tərəfindən
müəyyənləşdirilir. Bu açıqlamadan sonra qiymətlər
sürətlə aşağı düşməyə başladı. Tələbdə heç bir
dəyişikliyin olmamasına baxmayaraq, qiymətlərin
aşağı düşməsi onu göstərdi ki, həqiqətən də,
spekulyasiya barədə deyilənlər doğrudur».
İqtisadçı alimin fikrincə İqtisadi Əməkdaşlıq və
İnkişaf Təşkilatının həyata keçirdiyi başqa bir
araşdırmaya görə isə, maliyyə bazarlarında yaşanan
dalğalanma, daşınmaz əmlak bazarındakı problemlər və
qiymətlərin hər keçən gün artması qlobal inkişafa
təsir etməkdədir. «Nəticə etibarilə əvvəllər neftin
qiymətinin ən yüksək səviyyəyə çatmasında
spekulyasiyalar səbəb olmuşdusa, qiymətlərin
ucuzlaşmasında həmin spekulyasiyaların üzə
çıxarılması ciddi rol oynayır», - deyə o vurğuladı.
ganca.az
Əfsun Sucayev
Bakı |