|
|
|
BVF bankların sayını azaltmağı
tövsiyə edir
Hazırda ölkədə 46 bank fəaliyyət göstərir. Bu
banklardan biri dövlət - Mərkəzi Bank, yerdə qalan
45-i özəldir. Onlardan 23-ü xarici kapital əsasında
fəaliyyət göstərir. Bu 46 bankdan 42-nin nizamnamə
kapitalı 10 milyon manatdan yuxarıdır. Yerdə 4 bank
qalır ki, onlardan da 3-nün nizamnamə kapitalı 3,5
milyon manata qədərdir. Bir bankın isə nizamnamə
kapitalı 3,5 milyon manatdan da aşağıdır. Qanuna
edilən dəyişikliklər nəticəsində 2010-cu il yanvarın
1-dən bankların nizamnamə kapitalının həcmi 10
milyon manat müəyyənləşdirilib. Əvvəllər isə minimum
hədd 5 milyon manat idi.
Ötən illər ərzində gedən
proseslər onu göstərir ki, bankların nizamnamə
kapitalı azalmağa meyillidir. Ümumiyyətlə, nizamnamə
kapitalı göstəricisinin nə səviyyədə olması
bankların əsas meyarlarından biridir. Ona görə də
bir sıra ölkələrdə bankların likvidliyini artırmaq
üçün həmin ölkələrin mərkəzi bankları nizamnamə
kapitalının minimum həddini müəyyənləşdirir. Bizdə
bu hədd 10 milyon manata qaldırılıb.
Başqa bir məqam: hələlik
mövcud olan 46 bankdan yalnız 42-si əmanətlərin
sığortalanması fondunun üzvüdür. Yerdə qalan 4
bankın əmanətləri sığortalanmayıb. Bu da onu deməyə
əsas verir ki, 4 bank, hər halda, yaxın vaxtlarda öz
fəaliyyətinə son qoyacaq. Çox güman ki, həmin
banklar digər banklarla birləşəcək. Ona görə də bu
il bankların sayı ən azı 42-yə qədər azalacaq.
Beynəlxalq Valyuta Fondu da
Azərbaycanda bankların sayını azaltmağı tövsiyə edir.
MB İdarə Heyəti sədrinin
birinci müavini Alim Quliyev mətbuata açıqlamasında
bildirib ki, bankların sayı 20-dək azaldılacaq.
Ərazisinə və əhalisinin sayına görə 46 bank
Azərbaycan üçün çoxdur. 46 bankdan yalnız 20 bank
sistem üçün əhəmiyyətli hesab oluna bilər. Bir sıra
banklara təklif olunacaq ki, birləşmə yolu ilə daha
iri təşkilata çevrilsinlər. Bundan başqa, alternativ
yol kimi bir sıra bankların qeyri-bank kredit
təşkilatına çevrilmə variantı təklif olunur. Nəhayət,
həyat qabiliyyəti olmayan banklar ümumiyyətlə
bazardan çıxarılacaq.
Sonucda bir sıra banklara
birləşmək təklif ediləcək, bəzilərinin isə
ümumiyyətlə lisenziyası alınacaq. Belə bir
vəziyyətdə, təbii ki, ilk olaraq banklara qoyulan
əmanətlərin taleyi sual altına düşür. Vətəndaşlarda
haqlı olaraq öz vəsaitlərinin batacağı ilə bağlı
narahatlıq yaranıb. Sirr deyil ki, yalnız banklar
deyil, sahibkarlıq subyektləri də bir çox hallarda
müflisləşməyi birləşməkdən üstün tuturlar.
Bank sektoru inhisarlaşacaq
İqtisadçı Vüqar Bayramovun
dediklərindən öyrəndik ki, əslində bir sıra banklar
2008-ci ilin sonundan başlayaraq öz fəaliyyətlərini
dayandırıblar. MB onların lisenziyasını ona görə
almayıb ki, bu, əhali arasında kommersiya banklarına
və bütövlükdə bank sisteminə inamın daha da
azalmasına, eyni zamanda müəyyən təşvişin
yaranmasına gətirib çıxara bilər: "Ölmüş banklara
həyat vermək mümkün deyil və Mərkəzi Bank bütün
hallarda onların lisenziyasını geri almalıdır".
Bankların sayının
azaldılması bank sektoruna nə verəcək? Bu zaman
əmanətçilərin hüquqları necə qorunacaq? Bu sualları
cavablandıran ekspertin dediyinə görə, bankların
sayının azalması bu sistemi sağlamlaşdırmaq
baxımından uğurludur. Çünki bu zaman bank
funksiyasını yerinə yetirən qurumlar qalacaq.
Bununla da həm kütləvi kredit verilişləri bərpa
olunacaq, həm də kredit faizləri aşağı salına
biləcək. Yəni bu gün MB-nin uçot stavkası 2 faiz
olduğu halda, kommersiya banklarının kredit faizi
24-dən başlayır. Bu, kifayət qədər anormal haldır.
Bankların sayının
azaldılması nə vəd edir?
Bu hal bank sektorunun
inhisarlaşmasına gətirib çıxara bilər. Ekspert Vüqar
Bayramov:
"Azərbaycan üçün 46 bank çox
ola bilər, amma bankların sayının az və ya çox
olması ilə bağlı heç bir standart yoxdur. Nə Mərkəzi
Bank, nə də başqa bir qurum müəyyənləşdirə bilməz ki,
Azərbaycanda bankların sayı nə qədər olmalıdır. Bu
istiqamətdə ixtisarlar inhisarlaşmaya və
təmərküzləşməyə təkan verə bilər. İxtisarlar o
deməkdir ki, himayə olunan banklar qalır, himayə
olunmayan banklar sıradan çıxarılır".
Əmanətlərin taleyi ilə bağlı
yaranmış narahatlığa gəldikdə, hazırda 30 min
manatadək olan və 15 faizdən az dividend verən
əmanətlər əmanətlərin Sığortalanması Fondu
tərəfindən sığortalanır. Vüqar Bayramovun sözlərinə
görə, narahatlıq doğuran məqam ondan ibarətdir ki,
bu gün heç də 46 bankın 46-sı da həmin fonda üzv
deyil:
"Bu, o deməkdir ki, müflis
elan olunan bank fonda üzv deyilsə, həmin bankdakı
əmanətləri qaytarmaq mümkün olmayacaq. Çünki bu
istiqamətdə heç bir mexanizm yoxdur. Ona görə də
vətəndaşlar əmanət yerləşdirərkən diqqətli olmalıdır.
Yaxşı olar ki, fonda üzv olmayan banklardakı
əmanətləri geri götürsünlər. Bəzi banklar var ki,
müflis olma təhlükəsi ola-ola əmanətlərə kifayət
qədər yüksək faizlər təklif edirlər. Bu isə kifayət
qədər qorxuludur. Vətəndaşlar vəsaitlərini 15
faizdən az dərəcə ilə yerləşdirsələr yaxşıdır".
Ekspertin fikrincə, orta
təbəqənin çox az nümayəndəsi var ki, 30 min manatdan
artıq əmanət yerləşdirib.
Bu ilin yanvarına olan
məlumata görə, fiziki şəxslərin Əmanətlərin
Sığortalanması Fonduna üzv banklardakı əmanətlərinin
yalnız 69 faizi sığortalanıb.
“Ayna”
qəzeti.
|