|
|
|
Kölgədəki iqtisadiyyat...
Beynəlxalq Valyuta Fondunun (BVF) ötən həftə Bakıda
olan missiyasının rəhbəri Nienke Omesinin hökumətə
2010-cu ildə gizli iqtisadiyyatı azaltmaq barədə
çağırışı məsələni yenidən gündəmə gətirdi.
BVF missiya rəhbəri həm bu yolla, həm də büdcə
xərclərinin səmərəliliyini artırmaq yolu ilə
qeyri-neft fiskal kəsiri azaltmağa çağırıb. Dünya
Bankının məlumatına əsaslanan N.Omesi qeyd edib ki,
gizli iqtisadiyyatın ölkə iqtisadiyyatında payı
60%-ə çatır.
Dövlət Statistika Komitəsi isə bildirir ki,
2009-cu ildə gizli iqtisadiyyatın səviyyəsi 9% olub.
DSK-nin hesablamalarına görə, bu göstərici 2008-ci
ildə də 9% olub, 2007-ci ildəsə 18-20% təşkil edib.
Qeyd edək ki, mövcud iqtisadi ədəbiyyatlarda
gizli iqtisadiyyat anlayışına bir-birindən fərqli
izahlar verilir. Məsələn, iqtisadçı Feige Edqara
görə, gizli iqtisadiyyat - "rəsmi hesablanan ÜDM
göstəricisinin əhatə etməli olduğu, amma qeydə
alınmayan bütün iqtisadi fəaaliyyətlərdir". Smit
Fillip isə hesab edir ki, bu "sektor"a "ÜDM
hesablamalarından kənarda qalan, leqal v ya
qeyri-leqal olmasından asılı olmayaraq bazara
istiqamətlənən əmtəə və xidmətlər istehsalı"
daxildir.
Ümumiyyətlə, "kölgə iqtisadiyyatı" və ya gizli
iqtisadi fəaliyyətlər bir qayda olaraq ya
qeyri-qanunidir, ya da qanuni olsa belə, vergi
orqanlarından gizli fəaliyyət göstərir. Müstəqil
ekspertlərin fikrincə, gizli fəaliyyətlərin ən geniş
yayılmış növlərinə qadın alveri, narkotika alveri,
uşaq və miqrant əməyi, qumar oyunları daxildir. Bəzi
ekspertlərə görə, "kölgə"dəki fəaliyyətə ƏDV üzrə
ödənişlərin qeyri-qanuni geri qaytarılması,
zərflərlə verilən əməkhaqları da aiddir...
İqtisadçı-ekspert Vüqar Bayramov "kölgə
iqtisadiyyatı"nın Azərbaycan iqtisadiyyatındakı
çəkisi ilə bağlı DSK-nin rəqəmləri ilə razılaşmır: "Bununla
razılaşmaq olmaz. Bu o deməkdir ki, ABŞ-dan
irəlidəyik. Bu göstərici ABŞ-da 10%, İtaliyada 18%,
Avropanın inkişaf etmiş ölkələrində isə 8-14%
arasında dəyişir".
İqtisadçının fikrincə, aşağı rəqəm DSK-nın
metodologiyasının yanlışlığından
qaynaqlanır":Azərbaycanda gizli iqtisadiyyatın
səviyyəsi bütün hallarda dövlət büdcəsinin
gəlirlərindən çoxdur. Beynəlxalq maliyyə
qurumlarında Azərbaycanda gizli iqtisadiyyatın
səviyyəsi ümumdaxili məhsulun (ÜDM) 1/3-ni əhatə
etdiyi bildirilir. Nəzərə alsaq ki, 2009-cu ildə
nominal olaraq 34,6 milyard manat ÜDM istehsal
olunub. Faktiki olaraq, bu büdcənin gəlirlərindən 3
dəfə çox deməkdir".
Ekspert eyni zamanda hesab edir ki, gizli
iqtisadiyyatın səviyyəsində azalmalar gedir: "Beynəlxalq
maliyyə qurumları 2005-ci ildə gizli iqtisadiyyatın
ÜDM-in 60 faizi həcmində olması ilə bağlı açıqlama
yayırdılar. Ancaq bu gün bu rəqəm ÜDM-nin 1/3
qədərdir". Bayramovun sözlərində görə, buna səbəb
hökumətin bir sıra addımlar atması, məsələn, "bir
pəncərə" sisiteminə keçməsi, həmçinin ÜDM-in son 5
ildə kəskin artmasıdır. Yəni, ÜDM-in artması gizli
iqtsadiyyatın həcminin azalmasına səbəb olub.
Ekspertin sözlərinə görə, gizli iqtisadiyyatın
leqallaşması o anlama gəlmir ki, bütün pullar dövlət
büdcəsinə köçürüləcək. İndiki halda gizli
iqtisadiyyatı leqallaşdırmaqla dövlət büdcəsini 4
milyard manat artırmaq mümkündür.
"Şəffaf Azərbaycan" İctimai Birliyinin sədri Rəna
Səfərəliyeva deyir ki, gizli iqtisadiyyatın
yaranmasında ən əsas səbəb iqtisadi sahədə fəaliyyət
göstərən şəxslərin müəyyən ödəmələrdən yayınmaqla
daha çox gəlir əldə etmək istəyidir: "Bu cür
fəaliyyət göstərən şəxslər artıq qazanc əldə etmək
və vergilərdən yayınmaq məqsədi güdürlər. Digər bir
səbəb, isə qeyri-formal ödənişlərlə bağlıdır.
Sahibkarlar onlardan tələb olunan qanunsuz ödəmələri
yerinə yetirə bilmək üçün gizli iqtisadiyyata
qoşulurlar. Bu isə ona gətirir ki, gəlirlər vergidən
gizlədilir".
Gizli iqtisadiyyat vergidən yayınmalara, haqsız
rəqabətə, heç kimin qarşısında məsuliyyət daşımaması
üzündən keyfiyyətsiz məhsul və xidmətə, iş
yerlərində təhlükəsizlik qaydalarının pozulmasına
şərait yaradır. Gizli iqtisadiyyata əlavə ödəmələr,
qanunsuz yoxlamalar və süni maneələrin yaradılması
da zəmin yarada bilir.
R.Səfərəliyeva əmindir ki, yoxlama və nəzarəti
həyata keçirən qurumlar üzərində nəzarət
gücləndirilsə, sahibkar işləmək üçün heç bir
probleminin olmadığını görsə, iqtisadiyyatını gizli
davam etdirmək istəyindən əl çəkəcək: "Bu məsələdə
şəffaflığın təminatı mühüm əhəmiyyət daşıyır. Bəzi
hallarda bu şəkildə fəaliyyət göstərənlərə bəzi gözə
görünməz güclər tərəfindən dəstək göstərilir. Bu
güclərin tapılıb aşkarlanması, ictimai qınağa cəlb
edilməsi də bu kimi halların qarşısının alınmasına
kömək etmiş olar".
Milli Məclisin iqtisadi siyasət daimi komitəsinin
üzvü, millət vəkili Əli Məsimli diqqəti buna cəlb
edir ki, əgər əvvəllər ölkə iqtisadiyyatına qoyulan
investisiyaların 80 faizini xarici investisiyalar
təşkil edirdisə, indi isə bu 80 faiz göstərici
daxili investisiyaların payına düşür": Azərbaycanın
qarşısında duran ən mühüm vəzifələrdən biri daxili
investisiyalardan səmərəli istifadə etməklə ölkə
iqtisadiyyatının sürətli inkişaf etməsinə nail
olmaqdır".
Ekspert ÜDM-də neft sektorunun payının 62%-ə
çatmasını müsbət hal saymır": Qeyri-neft sektorunun
vergi ödəyiciləri olan dövlət müəssisələrinin və
özəl sektorun timsalında büdcəyə nə qədər vergi
ödəməsi məsələsinə nəzər yetirək. Büdcəyə ödənilən
vergi yuxarıda qeyd olunan 62%-dən qat-qat aşağıdır.
Deməli, burada xeyli dərəcədə kölgə iqtisadiyyatının
payı var. Bu məsələlər sərt formada qoyulmalı və
kölgə iqtisadiyyatı leqallaşmalıdır".
Millət vəkili diqqəti buna cəlb edir ki, əgər
2010-cu ilin dövlət büdcəsinə Dövlət Neft Fondundan
5 milyard manat əlavə vəsait cəlb olunacaqsa,
müəssisə və təşkilatların büdcəyə olan borcu bundan
artıqdır":Deməli, müəssisə və təşkilatların büdcəyə
olan borcu yığılarsa, onda Neft Fondundan büdcəyə
ayrılan əlavə 5 milyard manata ehtiyac olmaz. Neft
Fondunda olan həmin vəsaiti başqa işə, məsələn,
qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olan
insanların həyat şəraitini yaxışlaşdırılmasına
yönəldə bilərik. İpoteka kreditlərinə isə 14 milyon
yox, 114 milyon manat vəsait ayıra bilərik...
Azərbaycan zəngin ölkədir və onun büdcəsi də zəngin
olmalıdır. Bu istiqamətdə dərin təhlillər aparılmalı,
ehtiyatları aşkarlanmalı və ortaya çıxardılmalıdır".
Yeri gəlmişkən, millət vəkili Rəqabət Məcəlləsi
haqqında qanun layihəsinin çoxdan Milli Məclisdə
müzakirə olunduğunu və ciddi tənqidlərə məruz
qaldığını deyib":Çünki qanun layihəsi lazımı
səviyyədə hazırlanmamışdı. Hazırda parlamentin
iqtisadi qanunvericilik şöbəsi və əlaqədar
təşkilatların ekspertləri ilə birgə həmin məcəllənin
üzərində iş gedir".
Əli Məsimli güman edir ki, qanun layihəsi
parlamentin yaz sessiyasında müzakirəyə
çıxarılacaq":Əgər Rəqabət Məcəlləsi qəbul edilərsə,
bu, daxili bazarda rəqabət qaydalarının
müəyyənləşdirilməsi, haqsız rəqabətin, təbii və süni
inhisarçılığın aradan qaldırılması və yumşaldılması
istiqamətində irəli doğru addım olacaq. Təbii ki,
bir qanunla inhisarçılığı tamamilə aradan qaldırmaq
mümkün olmayacaq. Eyni zamanda, həmin qanunun normal
işləməsi üçün də hər cür şərait yaradılmalıdır"
B.Nərimanoğlu
|