Sahibkarların fəaliyyətinə yersiz müdaxilələr sahibkarlığın inkişafını tormuzlayır

 

Vüqar Bayramov: “Sahibkarların işinə yersiz  müdaxilələrə son qoyulması ilə bağlı prezident fərmanına ehtiyac var “

 

Ölkə başçısı  İlham Əliyevin dövlət strukturlarına sahibkarların işinə yersiz müdaxilələrinə son qoymaları barədə xəbərdarlığı müzakirə mövzusu olaraq qalır. Xatırladaq ki, İ.Əliyev məlum bəyanatı Bakı Bisnez Mərkəzində keçirilən "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasına həsr olunan konfransda verib. Azərbaycanın iqtisadi imkanlarının getdikcə genişləndiyini vurğulayan prezident bildirib ki, sahibkarlara dövlət dəstəyi artırılmalı və onların işinə əsassız müdaxilələrə son qoyulmalıdır. O həmçinin deyib ki, icra orqanları sahibkarlara kömək etməlidirlər. Onların işinə qarışmamalıdırlar. Dövlət strukturları yersiz yoxlamaları dayandırmalıdır: “Buna ehtiyac yoxdur, artıq Azərbaycanda iqtisadi islahatlar sahəsində böyük işlər görülüb, biz şəffaflığa nail ola bilmişik. Belə olan halda yersiz yoxlamalar, müdaxilələr əsassızdır. Buna son qoyulmalıdır. Əlbəttə ki, sahibkarlar dövlət və xalq qarşısında öz vəzifə borclarını şərəflə yerinə yetirməli, vergiləri vaxtı-vaxtında ödəməlidir”.

Nəzərə çatdıraq ki, bu gün doğurdan da dövlət strukturlarının sahibkarların fəaliyyətinə müdaxiləsi özəl sektorun inkişafına mane olan başlıca amillərdəndir. Belə ki, ayrı-ayrı mərkəzi və yerli icra hakimiyyəti, vergi, gömrük, hüquq-mühafizə və sanitar-epidemioloji xidmət orqanları  sahibkarların işinə  yerli-yersiz müdaxilələr edirlər. İş məhkəmə çəkişməsi səviyyəsinə qədər gedib çatdıqda  isə iqtisadi mübahisələrin həllində süründürməçiliyə yol verilir, qeyri-obyektiv qərarlar qəbul olunur.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov hesab edir ki, müdaxilələrin qarşısını almaq məqsədi ilə prezident  tərəfindən növbəti fərmanın verilməsinə ehtiyac var: “Bir tərəfdən  qlobal maliyyə böhranı  sahibkarların sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanını məhdudlaşdırıb, digər tərəfdən isə müdaxilələrin qalması, bəzi hallarda artması onların fəaliyyət göstərməsinə, eləcə də fəaliyyətlərini genişləndirməsinə imkan vermir. Monitorinqlərimiz də göstərir ki, qlobal maliyyə böhranı başladıqdan sonra sahibkarlıq subyektlərinin fəaliyyətinə müdaxilələr artıb”.

Vüqar Bayramov bildirib ki, sahibkarlığın inkişafına mane olan bürokratik əngəllərin, müdaxilələrin qarşısının alınması haqqında hüqüqi sənəd, yəni fərman sonuncu dəfə  2002-ci ilın 28 sentyabrında imzalanıb. Düzdür, bundan əvvəl də prezidentin «İstehsalat, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə» 1996-cı il 17 iyun tarixli 463 nömrəli və «Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında» 1999-cu il 7 yanvar tarixli 69 nömrəli fərmanları, o cümlədən 1997-ci il 24 iyun tarixli 610 nömrəli fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığa dövlət köməyi proqramı (1997-2000-ci illər)» olub.  Lakin 2002-ci ildə verilən fərmanda müdaxilələrin aradan qaldırılması üçün konkret müddəalar nəzərdə tutulurdu. Məsələn, həmin sənədə əsasən  Daxili İşlər Nazirliyinin İqtisadiyyatda Cinayətkarlıqla Mübarizə İdarəsi ləğv edildi. Rabitə Nazirliyinə, Səhiyyə Nazirliyinə və digər aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə bu qurumlar tərəfindən aparılan qanunsuz yoxlamaları və sahibkarlara törədilən maneələri aradan qaldırmaq tapşırıldı.

 

Ekspertin sözlərinə görə, sahibkarlıq subyektlərinin fəaliyyətinə müdaxilələrin artması səbəbindən  əvəllər sahibkarlıqla məşğul olanlar arasında 2009-cu ildə  fəaliyyətlərini dayandıranlar olub: “Respublikanin şimal bölgəsində apardığımız monitorinqlər göstərir ki, kənd təsərrüfatında çalışan  sahibkarlıq subyektlərinin xərclərinin təxminən 3\1, yəni 30 faizindən artığını  onların fəailiyyətinə yaradılan yersiz müdaxilələr nəticəsində yaranan qeyri-rəsmi ödənişlər təşkil edir. Bu ödənişlərin bir qismi hüquq mühafizə orqanlarına, dıgər qismi yerli icra orqanlarına, eləcə də dövlət qurumlarına çatır. Praktiki olaraq,yersiz müdaxilələr sahibkarlıq subyektlərinin xərclərinin artmasına gətirib çıxarır. Eyni zamanda onların işləmək imkanlarını məhdudlaşdırır. Azərbaycanda sahibkarlıq subyektlərinin fəaliyyətinə müdaxilələrin başqa dövlətlərlə, MDB ölkələri ilə müqasədə spesifikasi bizdə qeyri-rəsmi ödənişlər və ya rüşvəti  əksər  hallarda sahibkarlıq subyektinın öz işini keçirmək, hər hansı işı tezləşdirmək istədiyi üçün verməsindən ibarətdir. Bəzən isə qeyri-rəsmi ödənişi ona görə edilir ki, dövlət qurumu və ya icra hakimiyyəti orqanı sahibkarın işinə müdaxilə etməsin. Bölgələrdə  hüquq mühafizə orqanlarına qeyri-rəsmi ödənişlərin edilməsi heç də sahibkarlıq subyektinin öz işini reallaşdırmaq və ya prosesi sürətləndirmək məqsədi ilə  bağlı deyil.Sadəcə bunu o səbəbdən edirlər ki,  hüquq mühafizə orqanları onların işinə müdaxilə etməsinlər”.

Mütəxəsssis deyir ki, paytaxtda problem daha böyükdür:” Nəzərə alsaq ki, qlobal maliyyə böhranının 2010-cu ildə də davam etməsi gözlənilir və bunun nəticəsində   sahibkarlıq subyektlərinin öz fəaliyyətlərini genişləndirmək imkanları məhdud olacaq, yəni manatın möhkəmlənməsi ilə qonşu ölkələrdə devalvasiya proseslərinin getməsi nəticəsində ixracla məşğul olan sahibkarlıq subyektlərinin ixrac  imkanları məhdudlaşıb,   qanunsuz müdaxilələrin aradan qaldırılması üçün prezident tərəfindən fərman imzalanmasına ehtiyac var”.

 

V. Bayramov bilidirir ki, sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrin aradan qaldırılması üçün hər bir dövlət qurumu –Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Vergilər Nazirliyi,  Daxili İşlər Nazirliyi, Rabitə Nazirliyi, Səhiyyə Nazirliyi o cümlədən Dövlər Gömrük Komitəsi üzrə konkret vəzifələr müəyyənləşdirilməlidir: “Qurumlar üzrə sahibkarlara qarşı müdaxilələri aradan qaldırmaq istiqamətində konkret tapşırıqlar qeyd olunmalıdır”.

 

Ekspert hesab edir ki, sahibkarlara qarşı madaxilələrin aradan qaldırılması üçün hüqüqi bazanın möhkəmləndirmək üçün  müəyyən qanunuvericilik aktlarına dəyişikliklər də vacibdir: “Sahibkarlıq fəaliyyətinə lisenziya verən, nəzarət edən qurumların yanında qaynar xətlərin fəaliyyəti o qədər də səmərəli deyil.  Adətən bölüşdürücü qurumlarda, komitələrdə  olan  qaynar xətlərə edilən mürtacıətlər bir sıra hallarda cavabsız qalır. Yəni, hər hansı nazirliyə onunu əməkdaşından şıkayət olunursa bu cavabsız qalır. Amma Nazirlər Kabineti üst qurumdur. Nazirlər Kabinetinin yanında qaynar xəttin yaradılması daha səmərəli olar.

 

Bundan əlavə görülməli tədbirlərdən biri də səyyar vergi yoxlamalarının 2010-cu ilin sonunadək təxirə salınması olmalıdır. Çünki, 2009-cu ilin yekunları göstərir ki, bir sıra sahibkarlıq subyektləri ötən ili heç də uğurla başa vurmayıblar. İqtisadi İnkişaf Nazirliyi süni qiymət artımlarına qarşı uğurlu mübarizə aparsa da bu qurumun yanında fəaliyyət göstərən Sahibkarlara Kömək Milli Fondunun kreditlərin bölüşdürülməsi prosesinı şəffaf həyata keçıirməsi üçün  tədbirlər  hazırlanmalıdır. Kreditlərin şəffaf bölüşdürülməməsi sahibkarlığın inkişafını stimullaşdırmır. Dövlət Gömrük Komitəsi gömrük orqanları tərəfindən sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilə hallarına son qoyulması təmin olunmalıdır. O cümlədən məhkəmələrə iqtisadi və sahibkarlıq fəaliyyətinə dair mübahisələrin həlli ilə bağlı qərarların qəbulunda qanunun aliliyini təmin etmək, mübahisələrin baxılmasında süründürməçilik hallarına yol verməmək tövsiyyə edilməlidir.

 

 

 

 

 

 


 

Media/ Videolar/Fəaliyyətlər


 

       

Oktyabrın 17-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün ilk seminarına toplandı. Tələbələrin qonağı bu dəfə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti Sədri Vüqar Bayramov idi. QonaqAFU tələbələri ilə birlikdə müxtəlif mövzular ətrafında maraqlı və canlı müzakirələr apardı. Vüqar Bayramov tələbələri iqtisadiyyatla bağlı bəzi müasir nəzəriyyələrlə tanış etdi. Xüsusiylə klassik, Keynsçi və Çikaqo məktəblərinə yer ayıran mühazirəçi eyni zamanda tələbələrə bu nəzəriyyələrin maraqlı aspektlərindən danışdı

   

Noyabrın 14-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün növbəti görüşünə toplandı. Bu dəfəki mövzu dövlət sərmayələri, klubun qonağı isə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti üzvü Elçin Rəşidov idi. Elçin Rəşidov ilk öncə sərmayə və onun fəlsəfəsi, sərmayələrin məqsəd və vəzifələri haqqında tələbələrə söhbət açdı. Daha sonra görüş iştirakçıları dövlət sərmayələri və özəl sərmayələr haqqında müzakirə apararaq onların fərqli və oxşar cəhətlərinə toxundular.

       

İqtisadiyyat Klubu / Vüqar Bayramov from afumedia on Vimeo.

   

Economics Club / Elchin Rashidov from afumedia on Vimeo.